Ru
19:05 / 05 Mart 2021

Emin Musəvi AzTV-də veriliş aparacaq VİDEO

6606
Azərbaycan Televiziyasında daha bir yeni layihəyə start verilir.

"BakuPost" xəbər verir ki, Azərbaycan Televiziyası və “ASAN Xidmət”in birgə ərsəyə gətirdiyi layihə “Asan həyat” adlanır.

Verilişin aparıcısı “ASAN FM”in rəhbəri, tanınmış teleaparıcı Emin Musəvidir.

Layihə barədə müsahibə verən E.Musəvi “Asan həyat”ın tamaşaçılar üçün faydalı olacağını düşünür.

- “Asan həyat” layihəsinin ərsəyə gətirilməsində məqsəd nədir?

- “ASAN Xidmət”in nəzdində fəaliyyət göstərən İnnovasiyalar, Elektron Xidmətin İnkişafı Mərkəzi, “ABAD” publik hüquqi şəxs, “ASAN könüllülük məktəbi”, “ASAN Xidmət”in öz mediası – “ASAN radio” barədə tamaşaçılara, daha geniş auditoriyaya təfsilatlı məlumat vermək üçün belə bir layihə yaratdıq. AzTV həm Azərbaycana, həm də dünyaya keyfiyyətli şəkildə yayımlanır. Biz də öz fəaliyyətlərimiz, mərkəzlərimiz barədə ən ucqar kənddə belə yaşayan insana AzTV vasitəsilə məlumat və yenilikləri çatdıra biləcəyik.

- Tamaşaçı bu yeni verilişdən necə faydalana biləcək?

- Çalışacağıq ki, tamaşaçılar üçün faydalı olsun. Verilişə baxanda artıq buradakı mərkəzlərin və xidmətin özü barədə məlumat əldə edə bilsin.

“ASAN Xidmət”ə daxil olan qurumlarla bağlı suallar həddən çoxdur. Baxmayaraq ki, mütəmadi olaraq “ASAN Xidmət” öz sosial şəbəkə səhifələrində daim yenilikləri paylaşır, suallara cavab verir, həmçinin “ASAN Radio”da xidmətlərlə bağlı məlumatlar verilir. Bundan başqa, digər media qurumları ilə də vətəndaşlar maarifləndirilir. Lakin elə məsələlər var ki, biz onlarla bağlı detallı məlumat ötürmək istəyirik. Ona görə də düşündük ki, bunun üçün bir layihəyə, verilişə ehtiyac var.

Məsələn, “Yaşat” Fondu. Bu fondun fəaliyyəti çox mühümdür. Fonda ianənin necə edilməsi ilə bağlı dəfələrlə müxtəlif KİV-də məlumat çatdırmışıq. Amma bu verilişdə “Yaşat” Fonduna necə ianə etmək olar sualına daha detallı, daha geniş formada aydınlıq gətirəcəyik. Həmçinin, ianə ilə bağlı saytı bir daha göstərdik. Onun funksionallığından bəhs etdik. İanəni asan yollarla necə etmək barədə məlumat verdik.

Eyni zamanda, bu, bir hesabatlılıq xarakteri daşıyır: neçə ailəyə dəstək olmuşuq, neçə nəfər xarici ölkələrə, ilk növbədə Türkiyəyə göndərilib... İsrailli həkimlərin fəaliyyəti barədə ətraflı məlumat veririk.

Gələcəkdə diqqəti müxtəlif xidmətlərə və ən çox verilən suallara ayıracağıq. Verilişdə tamaşaçıların, vətəndaşların bu suallarına cavab tapa bilməsinə çalışacağıq.

- İlk buraxılış martın 6-da yayımlanacaq. Burada nələrdən bəhs etmisiniz?

- Bir buraxılışla hər şeyi əhatə etmək mümkün deyil.

Lakin ilkin olaraq “ASAN Xidmət” mərkəzlərinin sayı, açılacaq yeni mərkəzlər, “ASAN kommunal”lar barədə məlumat verilib. “Yaşat” Fondu barədə də danışılıb. Yaşatdakı komandamız çox şərəfli işlə məşğul olur. Bu dəqiqə həm bizim üçün, həm də ölkəmiz üçün ən priroritet sahədir. Bildiyiniz kimi, “Yaşat” “ASAN Xidmət”in nəzdində fəaliyyət göstərir. Onun işi ilə bağlı daha ətraflı məlumat vermişik.

İnnovasiyalardan, könüllülük proqramından danışıldı. Elektron Hökumətin İnkişafı Mərkəzindəki yeniliklər, həmçinin “ABAD” barədə maraqlı süjet hazırladıq. Bu işi davam etdirəcəyik.

- Həftədə neçə dəfə yayımı nəzərdə tutulur?

- Ayda iki yeni verilişin yayımı nəzərdə tutulur. Təkrarları da veriləcək. KİV çoxdur və verilişi bir dəfə efirə verməklə hamını əhatə etmək olmur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər