Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü indi demək olar ki, tamamilə quruyub.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, gölə yaxın yaşayan sakinlərin sözlərinə görə, bu ərazi illər öncə həm turizm, həm də istirahət məkanı kimi seçilirdi.
Vaxtı ilə 16/kv-km ərazisi, dərinliyi isə 5 metr olan göl bir neçə ildir su üzünə həsrət qalıb. Gölün qurumuş hissəsini yabanı ot basıb.
Ekoloqlar bildirirlər ki, gölün quruması təkcə təbiətə deyil, bölgənin iqliminə və biomüxtəlifliyinə də ciddi təsir göstərir. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov deyir ki, Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı. Son illərdə qlobal iqlim dəyişikliyi Hacıqabul gölündən də yan keçməyib.
Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri deyir ki, gölün əvvəlki vəziyyətinə qaytarılması üçün müəyyən işlər aparılır. Su balansının bərpası, ətraf ərazilərdə monitorinqlər və ekoloji qiymətləndirmə yəni davam edir.
Əgər tədbirlər uğurlu olarsa, mütəxəssislər gələcəkdə göldə minimum səviyyədə olsa belə suyun geri dönəcəyini istisna etmirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.