Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb.
NATO sammiti ərəfəsi Ankarada baş tutan görüş mətbuata qapalı keçirilib.
Siyasi şərhçi Ramiyyə Məmmədova
Bakupost.az-a bildirib ki, sözügedən görüşdə ola bilsin, Türkiyənin NATO-dakı rolu, onun yenidən güclənməsi, hərbi baxımdan yeni avadanlıqların alınması kimi məsələlər müzakirə predmeti olub:
“NATO sammiti ilə əlaqədar Rüttenin Ankaraya gəlişi öncədən planlaşdırılıb. NATO-nun Ankara sammiti önəmli bir tədbirdir. Dünyada geopolitik müstəvidə baş verən hadisələr NATO çərçivəsinə də təsir göstərərək, təşkilatı narahat edir. ABŞ Prezidenti Donald Trampın NATO-nun digər üzvlərilə mübahisələri bitmək bilmir. Avropa belədə öz təhlükəsizliyini Amerikaya güvənmədən qorumalı və özünün birləşmiş hərbi qüvvəsini yaratmalı olduğunu başa düşüb. Onlar bu istiqamətdə nəsə etməyə çalışırlar. Ancaq yenə də Amerikasız bu işlər həll olunan məsələ deyil. Ona görə də təşkilata üzv dövlətlərin hərbi büdcələrinin artırılmasına çalışırlar”.
Ekspertin sözlərinə görə, keçirilən görüşdə Rütte ilə Ərdoğan habelə, Türkiyənin NATO-dakı rolunu, Yaxın Şərqdə gedən prosesləri də müzakirə edə bilərlər:
“Bir müddət əvvəl Türkiyənin NATO-dan çıxa biləcəyi məsələsi də ortaya çıxmışdı. Təşkilat bu günki gündə Türkiyənin istəyinə cavab vermirsə, Alyans daxilində belə məsələlər də müzakirə olunmalıdır.
Avropa Birliyi də özünü qorumaq üçün böyük bir tərəfdaş axtarır. Hətta bu fonda bir çox Avropa liderləri Türkiyənin onları qoruyacağını bəyan edib. Ancaq Ankara bu məsələdə geri çəkildi. Çünki AB-yə qəbul olunmursa, bu halda onların qorunması da Türkiyənin öhdəliyi xaricindədir. İki lider arasında görüşdə güman ki, NATO-nun büdcəsi, Ukrayna-Rusiya savaşı, habelə Trampla NATO, eyni zamanda, Türkiyə ilə olan münasibətlər də müzakirə olunub”.
Rüfət Sultan,
BakuPost