Ru
13:00 / 12 İyun 2020

Ərə getmək üçün baxıcıya 1 milyon verən şəxs kimdir? - “Əsas cinayət burdadır...”

7822
“Oğlumu şahid qismində çağırıblar, sonra isə həbs ediblər. Onun heç bir günahı yoxdur”.

Bu sözləri “BakuPost”a adı qalmaqallı baxıcı işində hallanan və şübhəli şəxslərdən biri olan 1989-cu il təvəllüdlü Ceyhun Zeynallının atası Şahin Zeynalov deyib. Onun sözlərinə görə, saxlanılan zaman oğlu öz vəkili ilə deyil, dövlətin təyin etdiyi vəkillə məhkəməyə aparılıb:

“Saxlanılanda bəzi ifadələrə imza atmağa məcbur olub.
Onun pulu olsa, məni, anasını müalicə etdirərdi, kirayədə yaşamazdı. Bu məsələnin bir tərəfi. İkinci tərəfi odur ki, öyrənmək lazımdır, zərərçəkən 1 milyonu haradan tapıb, kimin adamıdır? Əsas cinayət burdadır... Həmin adamların əli hər yerə çatır. Öz təsir imkanlarından istifadə edib, qanunsuz əməllərə əl atırlar. Mən ölkəmə, möhtərəm Prezidentimizə inanıram. O son vaxtlar atdığı addımlarla, rüşvətxorlara qarşı ciddi mübarizəsilə bir daha göstərdi ki, qudurğanlıq etmək olmaz, kasıbın haqqını tapdamaq olmaz. İnanıram ki, hər bir vətəndaşın Prezidenti olan Cənab İlham Əliyevin bu qətiyyətli addımları mənim oğlumu qanunsuz yerə həbs etdirən şəxsləri ayıldacaq”.

Atanın sözlərinə görə, iş materiallarında oğlu işsiz kimi qeyd edilib. Lakin Ceyhun Nizami rayonu Qaz İstismar İdarəsində çilingər kimi çalışıb.

İttiham edilən şəxsin atası oğlunun cinayət işində adı hallanan qadın – keçmiş gəlini ilə qısa müddətdə birlikdə yaşadığını deyib:

“2014-ci ilin iyun ayında ailə qurublar. Onların rəsmi nikahları da olmayıb. Həmən ilin avqust ayında isə gəlin evdən qaçıb. Biz o zaman bu barədə heç kimə məlumat vermədik, qız da Neftçalada anasının evində tapıldı. Fevral ayında övladları doğulub, o vaxtdan da yolları ayrılıb. Ancaq arada uşağa görə görüşüblər, onu gəzməyə, həkimə aparıblar”.

İttiham edilən gəncin hüquqularını müdafiə edən Kamandar Nəsibov da “BakuBost”a açıqlamasında C.Zeynallının heç bir cinayət xarakterli əməlinin olmadığını bildirib:



“Mən olana kimi təzyiqlərin olub-olmadığını bilmirəm. Ancaq deyə bilərəm ki, müdafiə etdiyim şəxsin bu işdə əli yoxdur. Zərərçəkən tərəfin də onun varlığından xəbəri olmayıb. O heç rus dilində danışa da bilmir. Sadəcə vətəndaş nikahında olduğu xanımla bir neçə dəfə uşaqlarını gəzintiyə çıxarıblar, maşın alan zaman ona kömək edib”.

Vəkil hələlik iş materialları ilə istintaq bitəndən sonra tanış ola biləcəklərini deyib.

Xatırladaq ki, ana qızını ərə vermək üçün baxıcıya nə az, nə çox, düz bir milyon manat civarında pul ödəyib.

İttihama görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib, 2017-ci ilin əvvələrində “Instagram” sosial şəbəkəsində “baxıcı” adlı səhifə açıb. O özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib.

Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyini, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədilə Rusiyada yaşayan “Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.

Beləcə, onun 2017-ci ilin ortalarından 2020-ci ilin əvvələrinə kimi rəsmi olaraq 397 min manatını mənimsəyib.

“BakuPost”un Şəfəq İsmiyevanın yaxınlarından əldə etdiyi məlumata görə, qarşı tərəf, ümumilikdə, 1 milyon manat ödədiyini iddia edir. İddiaya görə, bu məbləğin 383 min manatı banklar vasitəsilə, qalan hissəsi isə nəğd formada ödənilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər