Ru
16:59 / 02 Sentyabr 2021

Ermənistan sovet dövründə mənimsədiyi torpaqları da qaytarmalıdır - Politoloq

10594
"Ermənistan sovet dövründə mənimsədiyi Azərbaycan torpaqlarından sərhədini geri çəkməlidir".

Bunu Bakupost.az -a AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, politoloq, siyasi elmlər doktoru Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalayıblar və buna görə də hər üç dövlət bəyanatın yerinə yetirilməsi üçün məsuliyyət daşıyır:



"Bəyanatın 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinin yaradılması bir çox layihələrin reallaşmasına əsas verir. Bunun üçün isə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyasının aparılması, iki tərəf arasında sülh müqaviləsinin bağlanması vacibdir. Sülh müqaviləsinin imzalanması üçün sərhədlərin dəqiqləşdirilməsi çox vacibdir".

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları, təhlükəsizlik, davamlı sülh üçün şərait yaradır:

"Əhalisini çətin vəziyyətdən xilas etməyin yollarını düşünməyən Ermənistan isə 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtlərinə əməl etməkdən yayınır O, hələ də dərk etmir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra regionda olan layihələrə qoşula və iqtisadi inkişafa nail ola bilər. Zəngəzur dəhlizi layihəsi təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat imkanlarının açılmasına deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsinə xidmət göstərəcək. Türkiyə və Azərbaycan arasında quru yolla əlaqə Naxçıvan vasitəsilə birbaşa olacaq. Rusiya ilə Ermənistan, İran, Türkiyə arasında dəmiryolu ilə əlaqə olacaq. Çox maliyyə tələb etdiyi üçün Ermənistan uzun müddətdir ki, İrana dəmiryolu çəkə bilmir. Zəngəzur dəhlizi Ermənistana İranla dəmir yolu vasitəsilə əlaqə yaratmaq imkanı verəcək.

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə “bu bəndin qəbul edilməsinin regionun gələcəkdəki fəaliyyəti ilə bağlı müzakirələr üçün yeni imkanlar yaratdığını” bildirdi. Zəngəzur dəhlizinin açılmasının Rusiya üçün də əhəmiyyəti var və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyanla avqustun 31-də Moskvada görüşü zamanı “İlk növbədə təhlükəsizliyi təmin etmək lazımdır” fikri göstərir ki, bəyanatın 9-cu bəndi Rusiyanın da diqqətindədir. Dəhlizdə dəmiryolu nəqliyyatından istifadə edərək Rusiya Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Dəhliz Rusiyanın quru yolla Ermənistanla əlaqə saxlamasına, Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə də müsbət təsir göstərəcək, Rusiyanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışına imkan verən alternativ yol olacaq".

Xatırladaq ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “ Azadlıq” radiosunun Ermənistan xidmətinə müsahibəsində bildirib ki, respublikanın suveren ərazisində başqa suveren ölkənin dəhlizi ola bilməz və dəhlizdən danışmaq "məntiqsizdir".

O qeyd edib ki, nə 10 noyabr, nə də 11 yanvar bəyanatında dəhlizdən bəhs edilib, buna görə də "bu müzakirələr yersizdir".

Uğur Qismətli
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər