Ru
13:54 / 05 Noyabr 2020

“Ermənilərlə daha şiddətli müharibə başlayacaq” MÜSAHİBƏ

5776
Azərbaycan-Nyu-York Assosiasiyasının təsisçisi, vitse-prezidenti, Azərbaycanda Qadın İdmanı Hərakatı Assosiasiyasının keçmiş prezidenti, Dama Federasiyasının sabiq vitse-prezidenti, idman ustası, əməkdar məşqçi Zəminə Mirhadıyevanın “BakuPost”a müsahibəsi:

- Zəminə xanım nə qədər müddətdir ABŞ-dasınız?
- 20 ildir ki, ABŞ-da müvəqqəti yaşayıb, işləyirəm. Əslində, 20 il müvəqqəti sayılmaz (gülür). Ürəyim həmişə Azərbaycandadır, il ərzində bir neçə dəfə gəlib-gedirəm. Bu 20 il elə gəlib keçdi, sanki bir andır. Bu müddətdə qocalmışam, amma bunu hiss etmirəm. Orda iş saatı da çoxdur. Mən həmişə həftənin 7 günü işləmişəm. Hətta elə zamanlar olub ki, günün 17 saatını çalışmışam. İş həyatı bu cür qaynar keçəndə zaman su kimi axır, bir də ayılırsan ki, qocalmısan.

- Amerikada diaspora fəaliyyətiniz necə başladı?
- İlk dəfə 2000-ci ildə ABŞ-a gedəndə gördüm ki, Azərbaycan əleyhinə yazılar dərc edən qəzetlər çoxdu. Hətta rus dilində dərc olunanlar da vardı. Baxmayaraq ki, bizim 20% torpaqlarımız işğal altında idi, ermənilər başımıza min cür fəlakətlər gətirmişdilər, bundan əlavə Xocalı soyqırımı kimi dəhşətli bir faciə yaşamışdıq. Lakin bu qəzetlər bizi - Azərbaycanı günahkar kimi qələmə verirdilər. Guya biz erməniləri qırmışıq, qovmuşuq. Hətta Xocalıda qətlə yetirilən, öldürülən azərbaycanlı uşaqların şəklini özlərinin adından təqdim edirdilər. Guya türklər soyqırımı edib və fotolardakı da öldürülən erməni uşaqlarıdır. Təbii ki, həmin ərəfədə onların qarşısın alan yox idi deyə, bunu rahat şəkildə edə bilirdilər. İlk işim ondan ibarət oldu ki, bu cür məqalələri toplayıb, bir-bir həmin redaksiyalara getdim. Bildirdim ki, bu məqalələrə görə sizi məhkəməyə verə bilərik, yalan məlumat yayırsınız, həmçinin, milli münaqişə yaradırsınız. Ondan sonra bu cür məlumatlar yığışdırıldı. O qəzetlərdə neçə illərdir əleyhimizə yazılar yayımlamırlar. Daha sonra Azərbaycanlıların toplaşdığı bir cəmiyyət qurdum. O zaman mən ABŞ-da yaşayan çox az azərbaycanlı tanıyırdım. Bu işdə oradakı soydaşlarımızla - Əli Nəsibov və Həsən Sərdarlı ilə birləşdik. Krım Türkləri Cəmiyyəti vardı, hər il Ramazan və Qurban bayramlarını qeyd edirdilər. Biz də ora qatıldıq, milli hədiyyələrimizi təqdim etdik. Daha sonra onların da bəzi imkanlarından istifadə edib azərbaycanlıları bir araya gətirməyə başladıq. Beləcə Azərbaycan-Nyu-York Assosiasiyası – ANA yarandı. Ad seçimi də təsadüfi olmadı. Əsas qayəmiz bu idi ki, cəmiyyətimiz ABŞ-da yaşayan soydaşlarımız üçün anaya çevrilsin. Bu məqsədimizə müəyyən mənada çatmışıq da.



- Hazırda ANA hansı istiqamətdə fəaliyyət göstərir?
- Bu siyasi bir cəmiyyətdir və məqsədi də siyasidir. Nyu-Yorkda Azərbaycanı təmsil edəcək siyasi cəmiyyət yox idi. Mən özümü həmişə bakılı kimi hiss etmişəm. Ancaq Dağlıq Qarabağ münaqişəsi başlayanda dedim ki, mən qarabağlıyam. Düşündüm ki, o torpağın havasından, suyundan mənim qanım yaranıbsa, həm azərbaycanlı, həm də qarabağlı kimi bu işlərdə ikiqat çalışmalıyam. Bu səbəblə də həmin cəmiyyəti yaratdım. Beləliklə, Amerikada nümayişlər təşkil etdik, konqresmenlərə müraciət üçün imza topladıq. İndi bütün işlər kompyuterlə görülür, rahatdı. O vaxt biz kağızlar toplayırdıq, məktubları, imzaları göndərirdik. BMT-nin, ABŞ-dakı erməni nümayəndəliyinin önündə etiraz aksiyaları keçirirdik. Oradakı yerli nəşrlərdə, həmçinin rusdilli qəzetlərdə, türkdilli televiziya və radiolarda çıxışlar edirdik. Bütün bunlar bizdən əvvəl edilməmişdi. Çünki heç bir cəmiyyət siyasi aspektləri qabartmırdı. Təkcə mədəniyyət, incəsənət sahəsində işlər görürdülər. ANA bu boşluğu doldurmağı bacardı.

- Əvvəlki suala verdiyini cavabda bir məqam xüsusi diqqətimi çəkdi. İndi Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkələrindən insanlar Avropa ölkələrində, Kanadaya, ABŞ-a köçməyə, bu ölkələrin vətəndaşlığını almağa çalışırılar. Amma siz 20 ildir ABŞ-da yaşadığınız halda bunu istəməmisiniz. Səbəbi maraqlıdı.
- Özümü amerikalı hesab edə bilmirəm. Hər zaman çamadanım hazır olub ki, Azərbaycana gedirəm. Amma hər dəfə bir iş çıxıb, demişəm bunu da həll edim, qayıdacam. Beləcə illər illəri qovub, heç fərqində olmamışam. Həm də buna ehtiyacım olmayıb. Çünki vətəndaşlıq mənə əlavə heç bir şey vermir, bütün hüquqlarım var, qorunur. Bircə səsvermədə iştirak hüququm yoxdur. Mənim idman dərəcələrim, fəaliyyətim imkan verir ki, çox qısa vaxtda vətəndaşlıq alım. Amma nəsə istəməmişəm heç vaxt.

- Sizcə, indi Qarabağ uğrundakı savaşımızla bağlı haqlı səsimizi ABŞ ictimaiyyətinə çatdıra bilirikmi?
- İndi ABŞ-da əvvəlki illərlə müqayisədə sözümüzü hərtərəfli deyə bilirik. Ermənilərin əslində uşaq qatili, Ermənistanın təcavüzkar dövlət olduğunu çatdırırıq.İndiyə qədər gözləyirdik ki, dünyanın dörd yanında keçirdiyimiz aksiyalar, məlumatlandırmalar, nümayişlər bəhrəsini verəcək, dünya oyanıb illərdi həll edilməyən bu problemi çözəcək. Amma olmadı. Sonuncu dəfə - iyulun 24-də BMT-nin qarşısında nümayiş təşkil etdik və onlardan tələb etdik ki, 4 qətnamə qəbul etmisən, dur, onları yerinə yetir. Öz verdiyin qərarların icrasına nəzarət et. Axı, Azərbaycan müharibə istəmir, heç kimin balasının qanının tökülməsini istəmir. Biz sülh adamıyıq. Amma bizim qeyrətimiz, qüdrətimiz var. Həmişəki kimi səssiz qaldılar. İndi Azərbaycan o 4 qətnaməni təkbaşına icra edir.

- Əvvəlki illərdə diasporamızla bağlı ciddi narazılıqlar var idi. Bütün ittihamlarla tanış olduqda anlaşılırdı ki, diasporamız istədiyimiz keyfiyyətdə deyil. Təşkilatlarda təsadüfü adamlar var, bəziləri təşkilat yaradıb öz mənafeyinə uyğun addımlar atır və s. İndi necədi vəziyyət? Fərq yaranıbmı? Keyfiyyət dəyişikliyi varmı?
- Çox ciddi fərqlər var. Əvvəlki problemlərin xeyli hissəsi Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla bağlı idi. Əslində onun haqqında heç danışmaq istəmirəm. O illər ərzində Biz Nazim İbrahimovun nəyə xidmət etdiyindən baş aça bilmədik. Anlamadıq ki, bu adamın məqsədi nədir? Nə özünü görürdük, nə sözümüz çatırdı. Bir dəfə Azərbaycana gələndə ölkəmiz üçün çox önəmli məsələlərlə bağlı onun qəbuluna getdim. Qapıda polis kimliyimi öyrəndi, bir az sonra dedi ki, sədr xaricdədi. Sonra şöbə müdiri ilə əlaqə saxladım. O isə dedi ki, indi Nazim müəllimin yanındayam, siz bir az aşağıda gözləyin, müzakirəmiz bitsin, sizinlə görüşəcəyəm. Dərhal dəstəyi asdım və oranı tərk etdim. Orda yalan pilləkəndən başlayırdı. Elə bir yerə kim ikinci dəfə üz tutar? Bütün tədbirlərə özünə yaxın olanları çağırırdı. Fərqi yox idi sən nə etmisən, indi nə edirsən, gələcək planların nədir. Ömür boyu bir qəpik belə bizə kömək etmədilər. Amma indi vəziyyət başqadır. Ən azından gəlib maraqlanırlar, nümayişləri bayraqlarla, plakatlarla təmin edirlər. Nə qədər öz cibimizdən edə bilərdik? Düzdür, hər şey üçün biz də müraciət etmirik, çox şeyi özümüz edirik. Amma buna baxmayaraq gəlirlər, maraqlanırlar.

- Yəni əvvəl bayraq da vermirdilər?
- Yox, hamısını özümüz hazırladırdıq. Bir hadisə danışım. Nyu-Yorkda ildə bir gün bütün dövlətlərin bayrağı qaldırılır. Bir də hər ilin aprel ayının sonuncu şənbə günündə Türk yürüşü keçirilir. Orda bütün türk millətləri, həmçinin Azərbaycan da iştirak edir. Ancaq həmin il Türkiyədə baş verən bir hadisəyə görə bu yürüş gecikdi və bayraq qaldırma günü ilə eyni günə keçirildi. Mən də qatılmışdım yürüşə. Yürüşdən əvvəl Sabir Rüstəmxanlı ilə görüşmüşdüm. O, mənə Azərbaycandan bayraq gətirmişdi. Mən də yürüşdə lazım olacaq bütün əşyaları maşınla göndərmişdim, təkcə bayraq olan çantanı saxlamışdım ki, özüm aparacam. Gəldik ki, bizim bayrağımız yoxdu. Türkiyənin də bayrağını endirirlər. Akademik Yusif Məmmədəliyevin nəvəsi də orda idi. Mənə yaxınlaşdı ki, Zəminə xanım, bayrağımız yoxdur. Təsəvvür edirsiniz, bu nə deməkdi? Bayraq tapılmırdı. Nə yaxşı ki, aparmışdım...



- Bizim ABŞ-dakı oradakı diaspora fəaliyyətimiz son 20-25 ilə təsadüf edir. Amma cənublu soydaşlarımız ora çox-çox əvvəllər köçüblər. Çox güclü iqtisadi-siyasi əlaqələri var. Bəs bizə verdikləri dəstək qaneedicidirmi?
- Deyil. Onların bəziləri farslaşıblar. Bəziləri isə bizim mentalitetlə uyğunlaşa bilmir, fərqli yanaşırlar. Düzdür, tədbirlərimizdə zaman-zaman iştirak edirlər, ancaq nümayişlərimizdə az olurlar. Hələ ki, ABŞ-dakı azərbaycanlılar arasında bütövlük yoxdur. Amma bunu aradan qaldırmaq üçün çalışırıq.

- İndidən məlumdur ki, Qarabağ uğrunda döyüşlərdə məqsədimizə çatdıqdan sonra ermənilərlə müxtəlif müstəvilərdə soyuq müharibə başlayacaq. Təbii ki, bu mərhələdə diaspora təşkilatlarımızın, xaricdə yaşayan soydaşlarımızın üzərinə də yük düşəcək...
- Bəli, mütləq belə olacaq. Çünki bir müharibənin sonu başqa müharibənin başlanğıcıdır. Həm də daha kəskin. Biz də buna ABŞ-da möhkəm hazırlaşırıq. Xaricdə bizi təmsil edən bütün soydaşlarımız bundan sonra bu istiqamətdə daha fəal olmalıdırlar. Çünki ermənilərlə bizim aramızda böyük savaş başlayacaq və bu daimi olacaq. Buna görə də ehtiyatlı olmalıyıq. Biz təmiz ürəkli millətik. Ancaq erməniyə münasibətdə bu xarakterimizi unutmalıyıq. Onlarla səmimi davranmaq, əllərinə fürsət düşən kimi başımıza açdıqları oyunları qətiyyən unutmaq olmaz.

Ləman Hüseynzadə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər