Ru
17:58 / 25 Fevral 2021

Ermənistanda çaxnaşma: Paşinyan istefa verəcəkmi?

2225
Ermənistan Baş Qərargah rəisinin müavini general-leytenant Tiqran Xaçatryan vəzifəsindən azad olunub. Bunun səbəbi Xaçatryanın “İsgəndər” raketi ilə bağlı açıqlaması olub. Belə ki, media Paşinyanın müharibə vaxtı “İsgəndər” sistemindən atılan raketlərin 90 faizinin partlamadığı haqda açıqlamasını Xaçatryandan şərh etməsini istəyib. Xaçatryan isə Paşinyanın sözlərini qeyri-ciddi adlandırıb. Bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı da vəzifəsindən azad edib.

Bəs bu qarışıqlıqlardan sonra Ermənistanda hərbi çevriliş gözlənilirmi? Paşinyan istefa verəcəkmi?

Siyasi şərhçi Şahin Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, bu gün baş verənlər faktiki olaraq hərbi çevriliş cəhdidir:



“Buna başqa ad qoymaq mümkün deyil. Təbii ki, Paşinyan bu çağırışı rədd edib və öz tərəfdaşlarını ona dəstək vermək üçün meydana çağırıb. Düşünürəm ki, hərbi çevrilişin baş tutub-tutmayacağı xalqın reaksiyasından asılı olacaq. Əgər erməni xalqı Paşinyanın çağırışına səs verərsə, o zaman çevrilişin qarşısını almaq mümkündür. Yox, əgər Paşinyan xalqdan və ictimaiyyətdən gözlədiyi dəstəyi almasa, o zaman Paşinyanı devirəcəklər”.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə isə Paşinyanın dünyaya çəkindirmə silahı kimi təqdim etdiyi “İsgəndər” operativ taktiki raketlərinin partlamaması barədə verdiyi açıqlama, həm də onların köhnə olmasını iddia etməsi Rusiyanın hərbi və siyasi dairələri tərəfindən ciddi narazılıqla qarşılanıb:



“Əslində Paşinyanın iddia etdiyi kimi raketlər 10 faiz partlamaya bilməz. Raket ya partlayar, ya da partlamaz. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavinin ordu sıralarından tərxis olunması məhz bu faktla bağlıdır. O, Paşinyanın bu açıqlamasını gülümsəyərək qarşılayıb, onu şərh edərkən də gülümsəyib. İndi isə Ermənistan Silahlı Qüvvələri Paşinyanın istefasını tələb edir. Yəni göründüyü kimi, bu açıqlamalardan məlum olur ki, Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi hələ də Rusiyanın ciddi təsirləri altındadır.

Nəticə etibarı ilə isə Paşinyanın verdiyi bu açıqlama Moskvanın maraqlarına birbaşa ziddir. İndi isə Paşinyan verdiyi bəyanatın doğruluğunu isbat etmək məcburiyyətində qalıb. O, bu raketlərin Azərbaycana nə zaman atıldığını, onlardan neçəsinin səmərəli olduğunu, neçəsinin hədəfə dəydiyini, neçəsinin dəymədiyinə aydınlıq gətirmək məcburiyytindədir. Baş verənlərdən görünür ki, sanki Ermənistan Rusiya silahları barədə yaradılan yüksək texniki imkanlar barədə saxta mifləri bilərəkdən ən qısa müddətdə dağıtmağa çalışır. Ermənistanda hərbi çevriliş olacağı real görünmür. Lakin Rusiyanın artıq Paşinyanla başqa dildə danışıq tərzi tapmadığını da müşahidə edirik. Buna görə də yaxın gələcəkdə hadisələrin daha da gərgin bir səviyyəyə çatacağı ehtimalı böyükdür”.

Aygün Nəbiyeva

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər