Son vaxtlar vətəndaşların bank kartlarından pullarının oğurlanması halları xeyli artıb. Bəzən insanlar kart məlumatlarını sosial şəbəkələrdə paylaşır və ya bankın adından zəng edən şəxslərə verirlər. Bundan sonra dələduzlar çox asanlıqlar hesabdakı bütün pulları çəkirlər. Xarici ölkələrdən gələn zənglər, mesajlar, oyun-uduş kuponlarının alqı-satqısı, keşbek tələləri də bank kartlarından oğurluq hallarını artırır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, mayın 14-15-də ayrı-ayrı vətəndaşların diqqətsizliyi nəticəsində 600, 3900, 2450, 500, 410, 1050, 560, 35, 400, 438, 1700, 60, 6000, 100, 50, 4044, 2700, 1684, 1400, 2198, 1000 manat və 332 ABŞ dolları xarici bank hesablarına, xaricdə alış-veriş dükanlarında nağdlaşdırılaraq çıxarılıb. Talamalar vətəndaşların bank kart məlumatlarını naməlum şəxslərə təqdim etməsi, əlavə qazanc məqsədilə saxta linklərə daxil olması ilə əlaqədar olub:
“Vətəndaşlar çox diqqətli olmalıdırlar. Onlara gələn zənglər üzrə nömrələrin hansı ölkədən olmasına diqqət yetirməli, onlayn keşbek linklərinə daxil olmamalı, "bank kartınıza müdaxilə var", "əlavə qazanc, yüksək faiz" deyənlərə inanmamalıdırlar. Bəzi vətəndaşlar bununla bağlı məlumatlı olsalar da, aldanırlar. Talamaya məruz qalan vətəndaşlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan təbliğatdan xəbərdar olublar. Bunu zərərçəkmişlərdən soruşuruq, "Məlumatım var idi, bilmədim ki, mənim də başıma gələ bilər" deyirlər".
O vurğulayıb ki, kibercinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub:
“Vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürürlər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılır”.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, onlayn fırıldaqçılıq yolu ilə bank kartlarından pulların oğurlanması kimi halların bu qədər artmasına səbəb vətəndaşların məlumatsızlığıdır:
“Bu gün dələduzluq formaları da rəqəmsallaşıb və bu mövzuda kifayət qədər “peşəkarlar” var. Onların “uğurunun” əsas səbəbi isə əksər hallarda insanların məlumatsızlığı olur. Vətəndaşlar son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Mütləq şəkildə onlara sorğu göndərən resursu öyrənməli, domenin nə zaman yaradıldığına diqqət yetirməlidirlər. Sorğu göndərən resurs barədə “Google”da qısa bir araşdırma aparmalıdırlar. Əgər bu resurs barədə “Google”d ə heç bir məlumat yoxdursa, dərhal aidiyyəti qurumlara müraciət etmək lazımdır”.
Osman Gündüzün dediyinə görə, bu gün sosial şəbəkələrdə hər bir insanın istədiyi məlumatı reklam şəklində, pul vəsaiti yatırtmaqla yaymaq imkanı var. Ona görə də problem geniş vüsət alıb:
“Dələduzların toruna düşməmək üçün elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməmək, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməmək lazımdır. Ödəniş üçün məlumatları daxil etməzdən öncə ünvan zolağındakı sayt ünvanını diqqətlə yoxlayın. Daha yaxşı olar ki, onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual kart açasınız və onun balansında az məbləğ saxlayasınız, həmçinin gündəlik nağdlaşdırma limiti təyin edəsiniz. Fişinq və ya spam saytlarına, eləcə də zərərli reklam banerlərinə keçidi bloklayan qoruma proqramı yükləməkdə fayda var".
Ekspert qeyd edib ki, bir neçə qaydaya riayət etməklə bu kimi risklərdən qorunmaq olar:
“İstənilən bankda kart əldə etdiyiniz zaman ilk iş olaraq SMS bildiriş funksiyasını aktivləşdirmək lazımdır. Heç bir halda zəng vuran, e-mail və ya sosial şəbəkə vasitəsilə yazan fırıldaqçının sözlərinə inanmaq olmaz. Bütün kart mərkəzlərinin 7/24 çalışan əməkdaşları var. Təhlükəli əməliyyat aşkarladıqları zaman vətəndaşın icazəsini soruşmadan belə bu əməliyyatı dondurmaq və bloklamaq səlahiyyətləri var. İnternetdə qarşınıza çıxan cəlbedici onlayn lotereya və ya prizlərlə bağlı keçidlərə keçmək məsləhət deyil. Vətəndaş ona məxsus olmayan, ictimai açıq olan Wi-Fi şəbəkələrinə də qoşulmamalıdır. Məcburiyyətdən qoşulduğu zaman isə elektron bank sistemlərinə, elektron poçta, sosial şəbəkə sistemlərinə giriş etməməyə çalışmalıdır. Vətəndaş daxil olduğu saytların adlarının “https” ilə başladığına və öndə yaşıl qıfıl işarəsinin olduğuna diqqət yetirməlidir”.
Hüquqşünas Əkrəm Həsənov bildirib ki, bəzən kimsə vətəndaşlara zəng edir, bank kartının rekvizitlərini soruşur, guya ki, bankdan zəng ediblər. Vətəndaş da düşünmədən kartının rekvizitlərini, onun ön və arxa tərəfində olan nömrələri, digər məlumatları o şəxsə verir. Zənd edən şəxsin həqiqətən də bank işçisi olub-olmadığı dəqiqləşdirilmir. Ona görə də kartından pul çıxarılır. Vətəndaş bilməlidir ki, bank heç vaxt telefonla zəng edib belə şeyləri soruşmur. Çünki bu məlumatlar bankın özündə mövcuddur:
“Ümumilikdə, bankın kart məlumatlarını istəməsi şübhəli haldır. Çünki bank müştəriyə kartı həmin məlumatları üçüncü tərəfə açıqlamamaq şərti ilə təqdim edir. Belə olduğu halda bankın özünün geri dönüş edib bu məlumatları müştəridən istəməsi sual doğurur. Çünki bu məlumatlar onsuz da bankın sistemində var. Hansısa bankın adından müştəriyə zəng daxil olunubsa, hansısa məlumatlar tələb edilirsə və müştəridə öz-özlüyündə şübhə yaranırsa, həmin şəxs dəstəyi asmalı və bankla özü əlaqə saxlamalıdır. Müştəri zəngin məzmunu ilə bağlı məlumatları verdikdə bank özü də təhlükəsizlik xidmətlərini gücləndirmiş olur”.
Əkrəm Həsənovun sözlərinə görə, vətəndaşlar şifrəsini, pin kodunu heç kəsə deməməlidir:
"Banklarda belə bir sistem var ki müştərinin kartından pul silinməzdən əvvəl telefonuna SMS gəlir. Əgər vətəndaş əməliyyatın icra olunmağını istəyirsə, təsdiq verməlidir, istəmirsə, rədd etməli və banka əməliyyat üçün müraciət etmədiyini bildirməlidir. Bu sistemdən istifadə etməyi hər kəsə tövsiyə edirəm. Digər tərəfdən bəzi vətəndaşlar bütün lazımi tədbirləri gördüklərini söyləyirlər, lakin yenə də hesablarından vəsaitlər oğurlanır. Artıq burada günahkar bankdır”.
O vurğulayıb ki, bəzi bankların informasiya təhlükəsizliyi çox zəifdir. Hakerlər isə çox güclüdürlər. Zəif bank sistemlərinə daxil olaraq pul oğurlamaq onlar üçün asandır. Belə hadisələrin qarşısını almaq üçün bankların başlıca vəzifəsi möhkəm sistem yaratmaqdır.
Hüquqşünas əlavə edib ki, bank kartlarından pul oğurlanması zamanı ən doğru yol məhkəməyə müraciət etməkdir:
“Məhkəmə yolu ilə bank həmin pulu qaytara bilər".
Sevinc,
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.