DÇ-2026-nın açılışında ifası mübahisə doğurmuş Şakiranı təqlid etməsi ilə tanınan venesuelalı performansçı Rebeka Mayyellano (ShakiBecca) müəllif hüquqları pozuntusu iddiası ilə FIFA-nın yoxlaması ilə üz-üzə qala bilər.
Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, onun son çıxışlarından birində mundiala aid rəsmi vizual materiallardan, loqolardan və brend elementlərdən icazəsiz istifadə edilib-edilmədiyi araşdırılır.
Hələlik onun barəsində rəsmi məhkəmə iddiası qaldırılmayıb, lakin FIFA-nın məsələni araşdırdığı bildirilir.
Qurumun diqqətini çəkən əsas məqamlardan biri performansda Şakira və Burna Boy tərəfindən ifa olunan və Dünya Çempionatının rəsmi mahnısı kimi təqdim edilən “Dai Dai” ilə bağlı görüntü və elementlərin istifadəsi olub. Bu kimi rəsmi materialların kommersiya məqsədilə icazəsiz istifadəsi hüquqi mübahisələrə səbəb ola bilər.
FIFA-nın qaydalarına əsasən, dünya çempionatına aid loqolar, maskotlar, reklam materialları və digər rəsmi brend elementlər ciddi şəkildə qorunur və onların istifadəsi yalnız rəsmi icazə ilə mümkündür.
Mütəxəssislər qeyd edirlər ki, hətta dolayı kommersiya istifadəsi belə təşkilatın diqqətini cəlb edə və hüquqi nəticələr yarada bilər.
Digər tərəfdən, ShakiBeccanın populyarlığı onun Şakiraya bənzəməsi və səhnə performanslarını uğurla təkrarlaması ilə bağlıdır. O, sosial şəbəkələrdə yüz minlərlə izləyici toplayaraq beynəlxalq səviyyədə tanınan “təqlid performansçı” kimi çıxış edir. Oxşar-müğənni özünü Şakiranın rəsmi komandası ilə əlaqəsi olmayan, sadəcə ifaçı kimi təqdim edir.
Şakira bir neçə dəfə onunla bağlı müsbət münasibət nümayiş etdirib və səmimi görüntülər də ictimaiyyətlə paylaşılıb. Buna görə də bir çox izləyici ShakiBeccanın çıxışlarını sənətkara hörmət və onun yaradıcılığının təbliği kimi qiymətləndirir.
ShakiBecca ilə bağlı müzakirələr yalnız FIFA araşdırması ilə məhdudlaşmır. Son günlər sosial şəbəkələrdə yayılan iddialara görə, mundialın açılış mərasimində səhnəyə çıxan şəxsin Şakira deyil, oxşarı olan ShakiBecca olduğu irəli sürülüb.
Bir sıra sosial media istifadəçisi müğənninin görünüşündə fərqlər olduğunu iddia edərək səhnədəki şəxsin əsl Şakira olmadığını yazıb. Hətta bəzi paylaşımlarda ShakiBecca-nın görüntüləri ilə açılış mərasimindən olan kadrlar müqayisə olunub.
Lakin nüfulu media orqanlarının apardığı araşdırmalar bu iddiaları təsdiqləmir. Onlar bildirir ki, açılış mərasimində səhnəyə çıxan şəxs məhz Şakiranın özü olub. Mütəxəssislər və müğənniyə yaxın mənbələr sosial şəbəkələrdə yayılan “dublyor” nəzəriyyəsinin heç bir faktla təsdiqlənmədiyini bildiriblər.
Qeyd edək ki, Şakira DÇ-2026-nın açılış mərasimində nigeriyalı müğənni Burna Boy ilə birlikdə turnirin rəsmi mahnısı olan "Dai Dai"ni ifa edib.