Fransa Prezidenti Emmanuel Makron, Baş nazir Fransua Bayrunun parlamentdə etimad səsverməsini uduzaraq istefa verməsindən sonra siyasi böhrandan çıxış yolu axtarır.
Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, Makron ümidini yeni Baş nazirin təyin edilməsinə və mərkəzçi qüvvələrin toparlanmasına bağlayıb.
Parlamentdəki uğursuz səsvermə Fransanın dövlət büdcəsinin qəbulunda yaranmış böhranın fonunda baş verib. Bayru, kəskin büdcə kəsirinin azaldılması məqsədilə hazırlanan maliyyə planını parlamentə təqdim etsə də, kifayət qədər dəstək toplaya bilməyib.
Hadisə beynəlxalq mediada geniş əks-səda doğurub.
"The New York Times” nəşri yazır ki, Fransa hökuməti yenidən çökür, bu isə ölkədəki siyasi iflici daha da dərinləşdirir. Məqalədə vurğulanır ki, bu hadisə Makronun liderliyi üçün növbəti ciddi sınağa çevrilib.
“Franceinfo” prezidentin vəziyyətini daha kəskin ifadələrlə təsvir edir:
“Emmanuel Makron yanıb tükəndi. Fransada sabitlik yalnız sosial ədalət bərqərar olduqdan sonra mümkündür.”
“Politico” isə yazır ki, Bayrunun istefası Makronu heç vaxt olmadığı qədər sınağa çəkir. Qeyd olunur ki, prezident artıq zəifləmiş mərkəzçi qüvvələrdən ibarət alyansa bel bağlayır.
“Washington Post” hökumətin dağılmasının “Milli Birlik” partiyasının təzyiqi altında baş verdiyini vurğulayır. Nəşr yazır ki, bu, son bir il ərzində Fransada ikinci hökumət böhranıdır.
“The Telegraph” baş verənləri Bayrunun “siyasi səhvi” ilə əlaqələndirir:
“Bayru, parlament üzvlərinin onun dövlət xərclərinin azaldılması təklifini dəstəkləyəcəyini düşünsə də, əksinə, onlar bu səsverməni ona qarşı birləşmək üçün fürsət kimi istifadə etdilər.”
Hazırda Fransada siyasi qeyri-müəyyənlik davam edir. Prezident Makronun hansı yeni baş nazir namizədini irəli sürəcəyi və onun parlamentdə dəstək tapıb-tapmayacağı böyük maraqla gözlənilir.
Aysel,
BakuPost