Ru
13:59 / 19 Noyabr 2021

General Rüstəm Muradovun missiyası və müəmması… - RƏYLƏR

9226
Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov missiyasını başa vurmasına baxmayaraq, o hələ də Bakıdan erməni daşımaqdadır.


Maraqlıdır, general Muradovun hazırkı missiyası nədən ibarətdir?

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Bakupost.az -a bildirib ki, Rusiya hərbi-siyasi rəhbərliyi Muradova etimad edir:


“10 noyabr bəyanatından sonra Qarabağa Rusiya sülhməramlı qüvvələri gəldi və həmin qüvvələrin komandanı Rüstəm Muradov idi. Hazırda o, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanın müavinidir. Onun fəaliyyəti Azərbaycanı qane etməsə də, ilk dövrdə tərəflər arasında müəyyən əlaqələr qura bildi. Bu, əsirlərin dəyişdirilməsi, humanitar missiyanın həyata keçirilməsi və sairdir.

Sülhməramlı kontingentinin rəhbərliyinin dəyişməsinə baxmayaraq, hələ də Rüstəm Muradov əsirlərin dəyişdirilməsi, müəyyən vacib məsələlərdə yenidən öz missiyasını həyata keçirir. Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanı olaraq həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi həmçinin Rusiya prezidenti ilə əlaqələri olduğu üçün ona belə bir səlahiyyət verilib. Görünür, Rusiya hərbi-siyasi rəhbərliyi Muradova etimad edir.

Hazırda Rüstəm Muradovun fəaliyyətini Azərbaycan Ermənistan arasında humanitar missiyanı həyata keçirən bir koordinator kimi də xarakterizə etmək olar.

Əslində, sülhməramlıların fəaliyyəti belə olmamalıdır. Onlar ermənilərin təhlükəli gedişlərinin qarşısını almalıdırlar. Hesab edirəm ki, sülhməramlıların fəaliyyətinə Azərbaycanın ciddi reaksiya verməsi, onların öz fəaliyyətində korrektlər etməyə gətirib çıxarır. Düşünürəm ki, Azərbaycan tərəfinin də Rüstəm Muradovun fəaliyyətilə bağlı narazılığı olmadığı üçün onun bu fəaliyyətinə yaşıl işıq yandırılıb.

Noyabrın 16-da baş verən erməni təxribatından sonra Azərbaycanda saxlanılan hərbi əsirlərin müəyyən müddətdən sonra geri qaytarılması prosesi də Rüstəm Muradova həvalə ediləcək. Rusiya prezidenti tərəfindən Rüstəm Muradovun bu işə cəlb olunmasının səbəbi, onun Azərbaycan və Ermənistan arasında müəyyən əlaqələrin qura bilməsindən irəli gəlir".

Politoloq Teymur Qasımlı bildirib ki, Rüstəm Muradovun kifayət qədər təcrübəsi olduğu üçün sülhməramlı kontingentinin rəhbəri təyin olunmuşdu:


“Rüstəm Muradov həm ölkə daxilində, həm də ölkə xaricində Rusiya Federasiyasının hərbi əməliyyatlarında iştirak edib və sülhməramlılarla bağlı böyük təcrübəsi var. Ancaq Rüstəm Muradovu təyin edildikdən sonra açıq-aşkar ermənipərəst mövqeyində idi və Rusiya Federasiyasının dövlət maraqları nəyi tələb edirdisə onu yerinə yetirirdi.

Rüstəm Muradovun sülhməramlı missiyası bitdikdən sonra dəyişdirildi və yerinə Kosobokov gəldi. Daha sonra o da göndərildi və yerinə Gennadi Anaşkin təyin olundu .Həmin vaxt Rüstəm Muradovu Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini təyin etdilər. Lakin Gennadi Anaşkin gəldikdən sonra demək olar ki, sərhəddə özbaşınalıq və gərginlik artdı və artmaqdadır.

Rüstəm Muradov sülhməramlıların komandanı olduğu zamanda da əsirlərin dəyişdirilməsi, müəyyən əlaqələrin təmin edilməsini həyata keçirirdi, o çıxarılandan sonra eyni işləri həyata keçirir. Bundan başqa görünür, sülhməramlı kontingenti Rusiyanın Cənub Hərbi Dairəsinə bir qrup kimi bağlanıb və Cənub Hərbi Dairəsi tərəfindən idarə olunur.

Digər tərəfdən, belə bir nəticəyə gəlmək olar ki, Rüstəm Muradov həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə müəyyən diplomatik danışıqlar aparabildiyi üçün iş ona həvalə olunub. Məntiq ilə bu belə olmamalıdır. Çünki general Muradov komandanlıq missiyasını bitiribsə, onun yerinə təyin olunan insan bu işlərlə məşğul olmalıdır. Əlbəttə ki, bu sülhməramlı missiyası və digər məsələlərə görə bu qeyri qanunidir. Lakin görünür, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Rusiya Cənub Hərbi Dairəsinə bağlı olduğuna və Rüstəm Muradovun da komandan müavini olduğuna görə bu məsələ ona həvalə olunub. Eyni zamanda, Rusiya ona yüksək etimad göstərdiyi üçün, bu işlər general Muradova həvalə edilib”.

Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
  • t.ədalət

    Putinin tabasaranets Rüstəm Muradova etimad göstərməsi onun çox təhlükəli bir rusist olmasından irəli gəlir.Çeçenistanda çoxsaylı müsəlman qırğını törətməsi ona inamı artırıb.Qarabağda vurnuxması isə Rusiyanın nəvaxtsa regionda yenidən qarışıqlıq salması üçün təhlillər aparmasından ibarətdir.Tabasaran Nacmuddin Sadıqovun əli ilə Rusiyada çoxsaylı Azərbaycan balalarını qətlə yetirdi.Rüstəm Muradovun da belə bir zalım olacağı mümkündür.Qarabağa "sülhməramlı" adı ilə yerləşdirilən işğalçı ordunun fəaliyyəti də göz önündədir.Nacmuddin Sadıqovu da Rusiya ilk dəfə regiona erməniləri qorumaq üçün göndərmişdi.Deyilənə görə Rusiya Eldar Həsənovun əli ilə İskəndər Həmidovun vasitəsi ilə Nacmuddini Azərbaycan ordusuna soxub.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər