22 yanvarda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 Nömrəli Respublika Xüsusi İnternat Məktəbində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Azərbaycan Dövlət Nəşriyyatı" və bp-nin birgə layihəsi ilə gözdən əlil oxucular üçün brayl əlifbasında nəşr olunmuş 19 adda kitabın təqdimat mərasimi baş tutub.
Bakupost.az xəbər verir ki, kitab təqdimatında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, bp-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzinin direktoru, naşir Mayis Muradov və Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn çıxış edərək layihənin reallaşması və əhəmiyyəti barədə düşüncələrini böllüşüblər.
Daha sonra Sabirə Abdullayevanın aparıcılığı ilə iki hissəli konsert proqramı keçirilib. Birinci hissədə gözdən əlillərə həsr edilən mahnı və şeirlər Mutellim Demirov, Yaqut Xelilzade, Fəxrəddin Salim, Zülfiyyə Qurbanovanın ifasında, Səxavət Məmmədov, Ağa Əliyev və Səid Cabbarlının müşayiəti ilə eşidilib, ikinci hissədə isə Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbin şagirdləri altı musiqi nömrəsi təqdim ediblər.
Qeyd edək ki, brayl əlifbasında aşağıda adları göstərilən kitablar nəşr olunub: "Azərbaycan nağılları", İsa Muğanna. "Kollu Koxa", Anar. "Əlaqə", Mövlud Süleymanlı. "Dəyirman", Çingiz Hüseynov. "Adını demədi". Əli Kərim. "Mavi nəğmənin sahilində", Sabir Əhmədli. "Yamacda nişanə", Yusif Səmədoğlu. "Soyuq daş". Elçin. "Beş dəqiqə və əbədiyyət", Musa Yaqub. "Payız tənhalığı", Maqsud İbrahimbəyov. "Bütün yaxşılıqlara ölüm", Səfər Alışarlı. "Dağlar bizə baxır", Vaqif Səmədoğlu. "Qəmimizlə salamlaşaq", Salam Sarvan. "Heykəl tənhalığı", Aqşin Yenisey. "Zamandan qovulmuş", Oskar Uayld. "Diqqətdən kənar qalan qadın", Səbahəddin Əli. "Şüşə saray" Kobo erAbe. "İstehkam", Henrix Heyne. "Hars səfəri".
Qeyd edək ki, layihənin rəhbəri “Azərbaycan Dövlət Nəşriyyatı”nın direktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin sektor müdiri Xəyal Məmmədovdur, kitablar "Brayl Nəşriyyatı" və "Zərdabi-Nəşr" tərəfindən çap olunub. Nəşrlərin üz qabılarının müəllifi Ellada Səfərəliyevadır.