Aqşin Yenisey
“Ərəblər bizim qızlarla...” Dünən dəfələrlə belə başlayan cümləyə rast gəldim. Burada yerində olmayan söz “bizim”dir.
Qədim peşə sahibləri tarixin heç bir dövründə hansısa cəmiyyətə, millətə məxsus olmayıblar. Onlar kollektiv kimliyin qazana bilməyib imtina etdiyi şəxslərdir.
Qədim zamanlarda bu peşə sahibləri “məbəd qadınları” adlanırdı. Onlar tanrıya məxsus idilər. Başlarını örtür, cəmiyyətdən gizlənir, məbədlərdə yaşayırdılar.
Cəmiyyət həyatına qoşulan kimi Babil kralı Hammurapi cəmiyyətdən seçilsinlər deyə qanunla onları soyundurdu.
Bu cür qadınların bir ünvanı var: Hamının və heç kimin!
Onlar cəmiyyətin, millətin öz yuvasından çölə atdığı şikəst övladlarıdır. Onlar kollektiv şüurda ölü zənn edilirlər. Ona görə heç bir xalq, cəmiyyət özünün pozğun qadınlarına vaxt ayırmır. Çünki onları özündən hesab etmir.
Ərəblərlə və ya hər hansı başqalarıyla gün keçirən xanımları zorla “bizimkiləşdirmək” düzgün deyil. Dünyada belə doğmalaşdırma üsulu yoxdur.
Bizimki bizim olana sahib çıxandır!
Təkcə onlar deyil ki, cəmiyyətin imtina etdiyi kişilər də var. Əksər casuslar, terrorçular, vətən xainləri və s. cəmiyyətin imtina etdiyi kişilərin arasından çıxır. Bu kişilərin də bir ünvanı var: Hamının və heç kimin!
Qədimdə icma imtina etdiyi üzvlərini öldürürdü, bu gün özündən uzaqlaşdırır. Başqalaşdırır.
Bu cür adamların həyatı, əslində, onların cəzasıdır.