Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda saxlanılan erməni məhbuslarla bağlı məsələnin sülh müqaviləsi imzalandıqdan sonra daha asan həll oluna biləcəyini bildirib.
“Bakupost” xəbər verir ki, Mirzoyan Ermənistan müxalifətini bu mövzudan siyasi manipulyasiya məqsədilə istifadə etməkdə ittiham edib.
Nazirin açıqlaması diqqəti bir məqama yönəldir: İrəvan sülh müqaviləsindən sonra Bakıda saxlanılan şəxslərin Ermənistana qaytarılacağına ümid edir, yoxsa bu bəyanat sadəcə daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır?
Mirzoyanın sözlərinin hüquqi və siyasi baxımdan hansı əsası var? Sülh müqaviləsinin imzalanması həmin şəxslərin taleyini dəyişə bilərmi?
Hüquqşünas Qulamhüseyn Əlibəyli
“Bakupost”a bildirib ki, Mirzoyanın açıqlaması ilk növbədə Ermənistanın daxili auditoriyasına hesablanıb.
“Həmin şəxslərin törətdikləri cinayətlər beynəlxalq xarakterli cinayətlərdir. Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, onların Ermənistana qaytarılması mümkün deyil. Ermənistanda isə bu məsələ vaxtaşırı gündəmə gətirilir. Ona görə də hakimiyyət daxili auditoriyanı sakitləşdirmək üçün Mirzoyanın səsləndirdiyi arqumentlərdən istifadə edir”.
Hüquqşünasın sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması gələcəkdə müəyyən hüquqi mexanizmlərin müzakirəsinə şərait yarada bilər. Lakin nəzəri imkanla onun praktikada reallaşması tamamilə fərqli məsələlərdir.
“Həmin şəxslərin təhvil verilməsi və ya geri qaytarılması nəzəri baxımdan yalnız tərəflər arasında normal münasibətlər formalaşdıqdan sonra mümkün ola bilər. Münasibətlər normallaşarsa, beynəlxalq hüquq normalarına uyğun olaraq məhkum edilmiş şəxslərin cəzalarının qalan hissəsini öz ölkələrində çəkməsi üçün təhvil verilməsi məsələsinə baxıla bilər. Amma bu, yalnız nəzəri ehtimaldır. Praktik baxımdan isə belə bir addımın atılmasını mümkün hesab etmirəm”.
Qulamhüseyn Əlibəyli hesab edir ki, Mirzoyanın açıqlamasında əsas məqsəd Ermənistan cəmiyyətində bu məsələ ilə bağlı yaranan narazılığı azaltmaqdır.
Onun fikrincə, Ermənistan hakimiyyəti mövzunun həssaslığını nəzərə alaraq, ictimaiyyətə problemin həlli istiqamətində fəaliyyət göstərdiyi mesajını verməyə çalışır.
“Erməni cəmiyyətinin revanşist hissəsi üçün bu məsələ xüsusilə həssasdır. Mirzoyan da vaxtaşırı yaranan narazılıqları nəzərə alaraq, hökumətin məsələ ilə məşğul olduğunu və gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini göstərməyə çalışır. Ona görə də onun dediklərini daxili auditoriyaya hesablanmış açıqlama kimi qiymətləndirirəm”.
Beləliklə, hüquqşünasın mövqeyinə görə, Mirzoyanın bəyanatı konkret hüquqi nəticədən daha çox siyasi mesaj xarakteri daşıyır. Sülh müqaviləsinin imzalanması iki ölkə arasında münasibətlərin normallaşmasına şərait yarada bilər. Lakin bu, Bakıda məhkum edilmiş şəxslərin avtomatik olaraq Ermənistana qaytarılması demək deyil.
Rüfət Sultan,
BakuPost