ABŞ Prezidenti Donald Tramp bir tərəfdən, İranla toqquşmaların təkrarlanmayacağını deyir, digər tərəfdən isə regionda hərbi gücünü artırır.
Belə ki, məlumatlara görə, ABŞ Yaxın Şərqə lazer silahı ilə təchiz olunmuş iki hərbi gəmi göndərib.
“USS Spruance” və “USS John Finn” esmineslərinin əsas vəzifəsi PUA-lara qarşı mübarizə aparmaq olacaq.
Gəmilərdəki ODIN adlı lazer qurğusu PUA-ların kamera və sensorlarını çaşdırır, nəticədə aparat istiqamətini itirir.
Hazırda ABŞ-nin Hərbi Dəniz Qüvvələri 9 gəmini bu sistemlərlə təchiz edib.
Dronlara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş hərbi gəmilərin Yaxın Şərqə göndərilməsi İrana qarşı hərbi əməliyyatların yeni mərhələsinə hazırlığın getdiyindən də xəbər verə bilər.
Hərbi ekspert Ədalət Verdiyev
Bakupost.az-a bildirib ki, İranla danışıqlar prosesi kifayət qədər mürəkkəb bir mühitdə davam edir. Tərəflərin verdiyi açıqlamalar da göstərir ki, sülh üçün uyğun şərait yetişməyib. Hər iki tərəf öz şərtlərini digərinə diktə etdirməyə üstünlük verir. Paralel olaraq da bütün tərəflər döyüş əməliyyatlarının bərpası istiqamətində məqsədyönlü fəaliyyət göstərir”.
Ekspertin sözlərinə görə, ODIN adlı lazer qurğusu ilə təchiz olunan gəmilərin İran sərhədinə yaxın ərazidə yerləşdirilməsi hərbi əməliyyatların növbəti mərhələsinə hazırlıq kimi də dəyərləndirilməlidir:
“Lakin bu lazer silahının İran PUA-na qarşı nə qədər effektiv olacağını söyləmək çətindir. Çünki daha əvvəl onların tətbiqini müşahidə etməmişik. Amma o da bəllidir ki, Pentaqon sınaqdan çıxmamış, effektivliyi şübhə doğuran silahları arsenalına qəbul etmir. O zaman bu silahların da müəyyən qədər effektiv olacağını indidən deyə bilərik”.
Həmsöhbətimizin fikrincə, İran yaxın günlərdə, geci bu həftə ərzində ABŞ-nin təqdim etdiyi təklifləri qəbul etməzsə, o zaman həftə sonu döyüş əməliyyatlarının bərpası tamamilə gözləniləndir.
Rüfət Sultan, BakuPost