Doğrudanmı, bir insanın həyat hekayəsi bütöv bir xalqın tarixi ilə bu qədər üst-üstə düşə bilər?
Bəzən bir ailənin keçmişinə baxırsan, qarşında bir millətin taleyi canlanır. Ayrılıqlar, sürgünlər, itirilmiş yurdlar, bir-birindən ayrı düşmüş doğmalar… Elə hadisələrlə rastlaşırsan ki, onların təsadüf olduğuna inanmaq çətinləşir. Sanki tarix eyni qapını inadla dönə-dönə döyür. Zaman dəyişir, dövlətlər qurulur, imperiyalar dağılır, sərhədlər açılıb-bağlanır, amma həmin qapının arxasındakı insanların sınaqları bitmir ki, bitmir.
Tənzilə Rüstəmxanlının “Soy ağacım – sonsuz acım” kitabını oxuyanda bir ailənin taleyinin bölünmüş, parçalanmış, hər qonşuda bir parçası qalmış Azərbaycanın taleyinə bu qədər bənzəməsi adamı heyrətləndirir.
Bu ailənin keçmişi ilə bağlı bəzi hadisələri əvvəllər də eşitmişdim. Ayrı-ayrı söhbətlərdə, bəzən nağılvari danışılan xatirələrdə. Amma həmin hadisələri kitabda bütöv bir nəslin taleyi kimi görəndə başqa mənzərə açılır. Bir-birindən uzaq dövrlərdə, müxtəlif ölkələrdə yaşanan faciələr qəribə şəkildə bir-birinə bağlanır. Birinin həyatında yarımçıq qalan hadisə illər sonra başqa bir nəslin taleyində davam edir.
Elə bil bu ailənin keçmişi keçmişdə qalmaq istəmir.
***
Hekayə adi bir hadisədən – gəlin köçməkdən başlayır.
Tənzilə xanımın nənəsi Şahnisə Türkiyədən Qərbi Azərbaycana gəlin gəlir. O zaman kim bilərdi ki, bir gün iki tərəf arasında sərhədlər bağlanacaq və gənc qadın doğulduğu torpağı, anasını, bacı-qardaşlarını bir daha görə bilməyəcək?
Gəlin köçmək yeni həyata başlamaqdır. Şahnisə üçünsə bu yol köhnə həyatına həmişəlik vida olur.
Ardınca Stalin repressiyaları başlayır. Həyat yoldaşı Cəfər kişi arvadının Türkiyə ilə bağlılığına görə həbs edilir, Gürcüstanın Sadaxlı kəndinə sürgün olunur. Ailəyə onun güllələndiyi xəbəri çatır. Şahnisə dörd uşaqla tək qalır. Üstəlik, özü də ev dustaqlığına məhkum edilir.
Altı il sonra Cəfərin sağ olduğu məlum olur.
Adam düşünür ki, bundan sonra ailənin əzabları bitər.
Bitmir…
Türkiyə ilə əlaqələri Cəfər kişinin yenidən həbsinə səbəb olur. Bu dəfə beş illik sürgün həyatını Daşkənddə keçirir. Qayıdanda isə əvvəlki yaşayış yerində qalmasına icazə verilmir.
Yenə köç: Qaraçanta, Gürcüstan, Borçalı, Balakən…
Ana tərəfdən də başqa bir faciə yaşanır. Bəy nəslindən olan Zəhra xanım repressiyaların qurbanına çevrilir. Əvvəl Özbəkistanın, sonra Türkmənistanın çöllərinə sürgün olunur. Doğmalar bir-birindən ayrı düşür, ailələr parçalanır.
Beləcə, bir nəslin soy ağacı sanki xəritənin üzərinə səpələnir. Kökləri Qərbi Azərbaycanda, budaqları Qafqazın, Orta Asiyanın müxtəlif yerlərində…
Şahnisə isə bütün bu məşəqqətlərin içində Türkiyədə qalan doğmalarına qovuşmaq ümidi ilə yaşayır. İllər keçir. Uşaqlar böyüyür, həyat dəyişir. Amma onun gözlədiyi görüş baş tutmur.
1972-ci ildə Türkiyədən görüş üçün rəsmi sənəd gəlir. İllərlə gözlədiyi günün yaxınlaşdığı görünür.
Amma hələ Moskvadan icazə alınmalıdır.
Yazışmalar daha dörd il davam edir.
1976-cı ildə Şahnisə dünyasını dəyişir.
Bir həftə sonra Moskvadan görüşə icazə kağızı gəlir.
Tənzilə Rüstəmxanlının yazdığına görə, Şahnisə son nəfəsində üzünü Türkiyəyə tərəf çevirməyi vəsiyyət edib.
Ömrünün sonunda üzünü doğulduğu torpağa tutmaq istəyən bir qadın. Onun ölümündən bir həftə sonra gələn icazə kağızı…
Bəzən insan bir yurdu tərk edir, amma o yurd insanı ömrünün sonuna qədər tərk etmir.
Bu ailədə yurd həsrəti Şahnisə ilə də bitmir.
Tənzilə Rüstəmxanlının uşaqlığı da köçlərlə keçir. Ana tərəfdən ailəsi Qərbi Azərbaycandan əvvəl Sabirabada, sonra Balakənə köçür. Valideynləri ailə qurduqdan sonra yenidən Amasiyaya qayıdırlar. Tənzilə xanım 1960-cı ildə rayonun Qaraçanta kəndində dünyaya gəlir.
1969-cu ildə ailə yenidən yurdundan ayrılmalı olur. Bu dəfə yol Zaqatalaya, oradan Balakənə uzanır.
Beləcə, doğma yerdən ayrılmaq onun üçün yalnız böyüklərdən eşitdiyi bir hekayə olaraq qalmır. Öz uşaqlığının da bir parçasına çevrilir.
Kitabın “İçimdəki yurd ağrısı” bölməsində müəllif yazır:
“O ağrı bizə kim olduğumuzu xatırladır, bizi ayaqda saxlayır”.
Yurd bəzən insanın geri qayıda bilmədiyi evdir, bəzən uşaqlığının keçdiyi küçə, bəzən də artıq həyatda olmayan bir doğmasının səsi.
İllər keçdikcə həmin yerlər dəyişir, adamlar azalır. Yaddaşda isə hər şey çox vaxt ayrıldığın günkü kimi qalır.
Və burada taleyin daha bir qəribə dönüşü ortaya çıxır. Şahnisə ömrü boyu doğulduğu Türkiyəyə qayıda bilməmişdi. İndi onun nəvəsi Tənzilə həmin ölkəyə sərbəst gedib-gəlir. Amma özünün dünyaya göz açdığı Qaraçantaya bir dəfə də olsun qayıtmaq arzusu hələ də arzu olaraq qalır.
Bir nəslin üzünə açılan yollar, sanki başqa bir nəslin qarşısında yenidən bağlanır.
Adətən soy ağacı deyiləndə göz önünə bir şəcərə gəlir. Adlar, doğum tarixləri, qohumluq əlaqələri…
Bu kitabdakı soy ağacının budaqları isə müxtəlif ölkələrə, şəhərlərə, kəndlərə səpələnib. Kökləri sürgünlərin, ayrılıqların, həbslərin, yarımçıq qalmış ömürlərin içindən keçir.
Və bütün bu fərqli taleləri birləşdirən, dönə-dönə qarşımıza çıxan bir ölkə var.
Türkiyə.
Şahnisənin doğulduğu, ömrü boyu həsrətini çəkdiyi, Cəfərin isə əlaqələrinə görə təqib olunduğu ölkə.
İllər keçir. Stalin ölür. Sovet imperiyası dağılır. Sərhədlərin siyasi mənası dəyişir.
Bir zamanlar Türkiyə ilə qohumluq əlaqələrinin olması insanın həbsinə, sürgününə səbəb ola bilirdi. İndi isə həmin ölkə ilə yaxınlıq, türk dünyasının birliyi dövlətlərarası siyasətin mühüm istiqamətlərindəndir.
Tarixin belə dönüşləri olur.
Amma bu ailənin taleyində daha qəribə bir dönüş var.
Bir zamanlar Türkiyə ilə bağlılığına görə cəzalandırılan ailənin sonrakı nəslindən ictimai fəaliyyətinin mühüm hissəsini məhz Türkiyəyə həsr edən Tənzilə Rüstəmxanlı yetişir.
Şahnisə Türkiyəyə bağlılığını özü seçməmişdi. Orada doğulmuşdu. Cəfər də ailə münasibətlərinə görə siyasi şübhələrin qurbanı olmuşdu. İllər sonra onların nəvəsi həmin bağlılığı şüurlu şəkildə öz həyat yoluna çevirir.
Bir nəslin ayrılığına səbəb olan əlaqələr başqa bir nəslin qorumağa, genişləndirməyə çalışdığı bağlara çevrilir.
Bu qəribə ardıcıllığın qarşısında istər-istəməz düşünürsən: insanın seçdiyi yol haradan başlayır? Öz həyatındanmı, yoxsa ondan əvvəl yaşamış insanların yarımçıq qalmış arzularından?
Üstəlik, bu yol da həmişə rahat olmur.
Vaxt olub ki, türkçülükdən, türk birliyindən danışmaq ən yaxşı halda pafos kimi qarşılanıb, bəzən istehza və sərt ittihamlarla müşayiət olunub. Bu ideyalara bağlılıq müəyyən ziyalı çevrələrindən kənarda qalmaq, bəzi qapıların üzünə bağlanması bahasına başa gəlib.
Kitabda Ergenekon əməliyyatları dövründə üzləşdiyi təzyiqlərə də yer ayrılıb. Tənzilə Rüstəmxanlının yazdığına görə, həmin iş üzrə ittihamnamədə adı doqquz dəfə çəkilib. Kitabda həyat yoldaşı Sabir Rüstəmxanlının və o vaxt 13 yaşında olan qızının adlarının da bu prosesdə hallandığı bildirilir. Hətta onu sorğu-suala tutmaq üçün Türkiyədən Azərbaycana nümayəndə heyəti göndərildiyini yazır.
Dövrlər də, şərait də, risklər də tamam başqadır. Amma Türkiyə ilə bağlılığın bu ailənin tarixində yenidən çətinliklərlə müşayiət olunması diqqətdən yayınmır.
Bu paralelin başqa bir nümunəsini isə yaxın dövrdə görmək olur.
Son aylarda Azərbaycanla Türkiyə arasında münasibətlər ətrafında yaranan siyasi narazılıqlar, media və sosial şəbəkələrdə səslənən qarşılıqlı ittihamlar fonunda Tənzilə Rüstəmxanlı yenidən bu mübahisələrin içində görünür.
Türkiyənin siyasi və ictimai dairələri ilə təmaslar, Azərbaycana qarşı ittihamlara cavablar, anlaşılmazlıqların aradan qaldırılması üçün aparılan söhbətlər… Münasibətlərin gərginləşməməsinə çalışarkən özü də tənqidlərin, bəzən sərt hücumların hədəfinə çevrilir. Hətta bu məsələlərə qarışmağın ona ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıqlar da alır.
Amma Türkiyə yenə bu nəslin taleyinin mərkəzindədir.
Sanki bu ölkə ailənin tarixinə yalnız bir coğrafiya, qohumluq bağı, mənəvi ideal kimi yox, həm də nəsildən-nəslə keçən bir sınaq kimi yazılıb.
Bunun qəribə təsadüf, yoxsa ailə yaddaşının yaratdığı davamlılıq olduğunu söyləmək çətindir.
***
“Soy ağacım – sonsuz acım”ın başqa, daha sakit bir xətti də var: şəxsi itkilər.
Qardaşlarının, bacılarının vaxtsız, faciəli vəfatı. Doğmaların yoxluğu.
Cəmiyyət adətən insanın görünən tərəfini tanıyır. Çıxışlarını eşidir, fəaliyyətini izləyir, mövqeyini qiymətləndirir. Amma onun haradan gəldiyini, hansı itkilərdən keçdiyini, içində nələr daşıdığını çox vaxt bilmir.
Kitabın adındakı “sonsuz acım” ifadəsi bu səhifələrdə başqa ağırlıq qazanır. Çünki insanın yaddaşında yalnız xalqının faciələri yaşamır. Heç kimlə bölüşə bilmədiyi, heç bir ictimai fəaliyyətin əvəz edə bilmədiyi şəxsi itkilər də var.
Bəlkə də bu kitabın ən düşündürücü tərəfi elə budur: bir nəslin keçmişi onunla bitmir. Sonrakı həyatlarda, başqa seçimlərdə, bəzən insanın özünün də fərqinə varmadığı bağlılıqlarda davam edir.
Şahnisə Türkiyədən gəlin gəlmişdi. Bir daha geri dönə bilmədi.
Nəvəsi isə ömrü boyu o yolu gedib-gəlir. Sanki nənəsindən ona yalnız həsrət deyil, yarımçıq qalmış bir yol da miras qalıb.
Bir vaxtlar Şahnisənin üzünə qapılar bağlanmışdı.
Nəvəsi isə yol gedir, yollar açır…
Elçin
BakuPost