Toyuq əti, xüsusən son illər broyler quş əti əksər insanların gündəlik qida rasionunda yer alır və çox vaxt qırmızı ətə nisbətən daha sağlam seçim hesab olunur.
"Bakupost" xəbər verir ki, 2025-ci ildə dərc edilmiş bir elmi araşdırma toyuq və digər quş əti istehlakı ilə bağlı diqqətçəkən nəticə ortaya qoyub.
İtaliyada aparılan və 4869 nəfəri əhatə edən araşdırmada iştirakçılar uzun müddət müşahidə edilib.
Tədqiqatın nəticələrinə görə, həftədə 300 qramdan artıq quş əti istehlak edən insanlarda mədə-bağırsaq xərçənglərindən ölüm göstəricisi həftədə 100 qramdan az quş əti yeyənlərlə müqayisədə 2,27 dəfə yüksək olub. Kişilərdə isə bu göstərici 2,61 dəfə qeydə alınıb. Araşdırma 2025-ci il aprelin 17-də Nutrients elmi jurnalında dərc edilib. Müəlliflər quş əti istehlakı ilə mədə-bağırsaq xərçənglərindən ölüm arasında statistik əlaqə aşkar etsələr də, bunun birbaşa səbəb-nəticə əlaqəsi olduğunu təsdiqləməyiblər. Maraqlıdır ki, tədqiqatda broyler və kənd toyuğu arasında ayrıca fərq qoyulmayıb.
Aygün Musayeva