Azərbaycanda müəyyən kateqoriyadan olan vətəndaşların əməkhaqlarına vergi güzəştlərinin tətbiqi onların gəlirlərinin artırılmasına və sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Bəs bu güzəştlərin iqtisadi məqsədi nədir? Dövlət hansı meyarlar əsasında müəyyən peşə və sosial qrupların əməkhaqlarını vergidən azad edir və bu siyasət əmək bazarına, məşğulluğa və büdcə gəlirlərinə necə təsir göstərir?
"Bakupost" xəbər verir ki, iqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında vergi güzəştlərinin müxtəlif kateqoriyalar üzrə və fərqli məqsədlərlə tətbiq olunduğunu bildirib.
Ekspertin sözlərinə görə, onlara dövlət və cəmiyyət qarşısında xüsusi xidmətləri olan şəxslər, eləcə də sosial baxımdan həssas təbəqələr daxildir:
"Məsələn, şəhid ailələri və məcburi köçkünlər üçün müəyyən vergi güzəştləri nəzərdə tutulur. Eyni zamanda, bəzi dövlət qurumlarında çalışan və dövlət qarşısında mühüm fəaliyyət göstərən şəxslərin əməkhaqlarına da vergi güzəştləri tətbiq edilir.
Bu güzəştlərin əsas məqsədi sosial ədaləti təmin etmək, həssas təbəqələri dəstəkləmək və dövlətin müəyyən kateqoriyalara minnətdarlığını ifadə etməkdir. Lakin bu cür güzəştlər dövlət büdcəsinin gəlirlərinə də təsir göstərir. Çünki dövlət həmin vergiləri toplamaq imkanından imtina edir.
Bununla yanaşı, konkret iqtisadi məqsədlər daşıyan və stimullaşdırıcı xarakterli vergi güzəştləri də mövcuddur. Məsələn, bir müddət uzunmüddətli depozitlərdən əldə olunan gəlirlər vergidən azad edilmişdi. Bu güzəşt əhalini banklarda uzunmüddətli əmanət yerləşdirməyə təşviq etmək məqsədi daşıyırdı. Eyni zamanda, hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq edilən vergi güzəştləri vətəndaşları ənənəvi mühərrikli avtomobillər əvəzinə daha ekoloji nəqliyyat vasitələri almağa həvəsləndirmək üçün nəzərdə tutulmuşdu. Bu güzəştlər müəyyən müddətə tətbiq olunur və müddət başa çatdıqda dayandırıla bilər".