Azərbaycan xalqının milli kimliyi və mədəniyyətinə baxdıqda görürük ki, bu cəmiyyət tarixən hörmətə, həyalı davranışa və qarşılıqlı etimada əsaslanan bir model üzərində formalaşıb. Biz ümumilikdə münasibətlərdə sərhəd tanıyan, qarşı tərəfin mövqeyinə hörmət edən bir xalq olmuşuq.
Lakin qloballaşan dünya, informasiya axınının sürətlənməsi və sosial medianın təsiri ilə bu balans dəyişməkdədir. Bu gün cəmiyyət daha çox formalaşdırılmış təsəvvürlərlə istiqamətlənir. Təəssüf ki, peşəkar olmayan, özünü “həkim” kimi təqdim edən şəxslərin fəaliyyəti nəticəsində “qurunun oduna yaşın yanması” kimi, əsl həkimlərə olan etimad da zədələnməyə başlayıb. Bu, Azərbaycanın səhiyyə sistemində gələcək islahatların istiqamətini müəyyən edəcək ciddi bir siqnaldır.
Dünya təcrübəsi göstərir ki, səhiyyə sistemində etimadın sarsılması daha çox sistemli yanaşmanın olmamasından qaynaqlanır. Çin, Hindistan, Cənubi Koreya və Türkiyə kimi ölkələrin təcrübəsi bunu açıq şəkildə göstərir. Bu ölkələrdə müxtəlif dövrlərdə həkimlərə qarşı zorakılıq halları, hüquqi qeyri-müəyyənlik və cəmiyyətlə tibb işçiləri arasında yaranan gərginlik nəticəsində həm tibbi xidmətin keyfiyyəti, həm də kadr sabitliyi ciddi zərbə alıb.
Hindistanda həkimlərin təxminən 75%-i praktikası dövründə zorakılığa məruz qalır. Çində bəzi illərdə xəstəxanalarda zorakılıq halları minlərlə ölçülür. Türkiyədə tibb işçilərinin təxminən 40%-dən çoxu hər il zorakılıqla qarşılaşır. Araşdırmalar isə göstərir ki, səhiyyə işçilərinin təxminən yarısı həyatları boyu zorakılıq yaşayır. Deməli: yanlış ictimai mesajlar, hüquqi qeyri-müəyyənlik və sistem boşluqlar birləşərək səhiyyə mühitində təhlükəli gərginlik yaratdır.
Nəticə isə demək olar ki, bütün ölkələrdə oxşardır: həkimlər ya daha az riskli sahələrə yönəlir, ya da sistemi tərk edir. Bu isə strateji problemdir. Çünki səhiyyə sistemində boşalan yerləri qısa müddətdə doldurmaq mümkün olmur.
Tibbin öz daxili reallığı da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Türkiyədə çalışdığım dövrdə müəllimlərimdən biri, beynəlxalq təcrübəyə malik, reanimasiya sahəsində sistem qurucularından olan bir professor belə deyirdi: “Əgər sənin əlində heç vaxt xəstə ölməyibsə və ya ciddi ağırlaşma baş verməyibsə, deməli, sən yetəri qədər ağır xəstə ilə işləməmisən”.
Bu fikir sərt səslənsə də, tibbin mahiyyətini açıq şəkildə ifadə edir. Həkimlər xüsusilə reanimasiya və cərrahiyyə kimi sahələrdə həyatla ölüm arasında qərar verirlər və bu sahədə risk sıfıra endirilə bilməz.
Məhz bu səbəbdən tibbi nəticə ilə tibbi məsuliyyət anlayışları bir-birindən aydın şəkildə fərqləndirilməlidir. Əks halda hər ağırlaşma və ya hər ölüm hadisəsi avtomatik olaraq cinayət müstəvisinə daşınarsa, bu, həkimlərin qərarvermə azadlığını məhdudlaşdırır və “defensiv tibb” adlanan təhlükəli tendensiyanı gücləndirir. Belə şəraitdə həkim xəstəyə necə kömək edəcəyindən çox, özünü necə qoruyacağını düşünür. Nəticədə isə ən çox zərər görən yenə xəstə olur. Xüsusilə də ağır və riskli qrup.
Bu kontekstdə Azərbaycan üçün sistemli yanaşmanın formalaşdırılması artıq seçim deyil, zərurətdir. İlk növbədə xəstə təhlükəsizliyini təmin edən “Mavi kod” və tibb işçilərini qoruyan “Bəyaz kod” sistemlərinin dövlət səviyyəsində tətbiqi vacibdir. Bu hər şeydən əvvəl səhiyyə sistemində balansın qurulması üçün institusional alətlərdir. Bununla yanaşı, malpraktis anlayışı qanunvericilikdə aydın şəkildə tənzimlənməli, tibbi ağırlaşma ilə kobud səhlənkarlıq və ya qəsd nəticəsində baş verən hallar arasında hüquqi fərq qoyulmalıdır. Yalnız bu halda həm xəstənin hüquqları qorunar, həm də həkim hüquqi baxımdan güvənli mühitdə fəaliyyət göstərə bilər.
Əks halda risklər aydındır: həkimlər daha təhlükəli sahələrdən uzaqlaşacaq, gənc kadrlar bu ixtisasları seçməkdə tərəddüd edəcək və uzunmüddətli perspektivdə səhiyyə sistemi kadr çatışmazlığı ilə üz-üzə qalacaq. Bu isə tiblə yanaşı, cəmiyyətin gələcək sağlamlıq təhlükəsizliyinin məsələsidir.
Bütün bu müzakirələrin fonunda bir məqam xüsusilə diqqət çəkir: cəmiyyətə verilən mesajlar sistemin gələcəyini formalaşdırır. Bəzən ictimai çıxışlarda işlədilən ifadələr niyyət etibarilə müsbət olsa da, məzmun baxımından yanlış anlaşılaraq həkimlə xəstə arasında süni qarşıdurma yarada bilir. Həkimi “borclu tərəf”, xəstəni isə “tələb edən tərəf” kimi təqdim edən ritorika bu balansı pozur. Səhiyyə sistemi qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurulmalıdır.
Bu kontekstdə İlber Ortaylının fikri diqqətəlayiqdir. O qeyd edirdi ki, əgər həkim cəmiyyətə xidmətçi kimi təqdim olunarsa, bu zaman həkimlər belə mühitdən uzaqlaşmağa başlayacaq. Bu fikir reallığın ifadəsidir.
Həkim xidmətçi deyil, amma bu, onun üstün təbəqə olması anlamına da gəlmir. Həkim sadəcə uzun illər davam edən, yüksək məsuliyyət və fədakarlıq tələb edən bir peşənin sahibidir. Bu isə ona imtiyaz yox, daha böyük məsuliyyət yükləyir.
Əgər bu məsuliyyət cəmiyyətdə düzgün qiymətləndirilməzsə, nəticədə nə həkim özünü güvənli hiss edəcək, nə də xəstə sistemi etibarlı hesab edəcək. Ona görə də əsas məsələ tərəf seçmək deyil. Əsas məsələ düzgün terminologiya, balanslı yanaşma və institusional həllərlə həm həkimi, həm də xəstəni qoruyan bir sistem qurmaqdır.
Çünki səhiyyə sistemi texniki mexanizmlərlə yanaşı ona inanan insanlar vasitəsilə yaşayır. Və bu inam itirilərsə, onu bərpa etmək çətin prosesə çevrilir.
Sistemi cəmiyyətə verilən mesajlar formalaşdırır. Əgər mesaj balanslı deyilsə, sistem də balanslı olmur…
Turanə Rəsulova, Uzman doktor