İndoneziya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, zəlzələnin episentri təxminən 282.000 nəfərin yaşadığı Palu şəhərindən (Sulavesi adası) 128 km şimalda, ocağı isə 35 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, İndoneziyada ötən gecə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 38 nəfər ölüb, çox sayda insan yaralanıb.
İndoneziya Sakit okeandan Cənub-Şərqi Asiyaya qədər uzanan yüksək seysmik aktivlik zonası olan “Atəş halqası” üzərində yerləşir.
2004-cü ildə isə Sumatra sahillərində baş verən 9,1 bal gücündə zəlzələ tarixdə ən dağıdıcı sunamilərdən birinə səbəb olub. Fəlakət nəticəsində bölgədə təxminən 220 min insan həyatını itirib.
2018-ci ildə Lombok adasında baş verən güclü zəlzələ və ardınca gələn təkanlar 550-dən çox insanın ölümünə səbəb olub. Həmin ilin sonunda Sulavesidə 7,5 bal gücündə zəlzələ və sonrakı sunami nəticəsində isə 4 300-dən çox insan ölüb və ya itkin düşüb.