Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan benzininin alınması ölkə vətəndaşları üçün sərfəlidir, baxmayaraq ki, bəzi şəxslər onun boykot edilməsi üçün çağırış edir.
Bakupost.az xəbər verir ki, bu barədə nazir Ermənistanın Dövlət Televiziyasına verdiyi açıqlamasında deyib.
Mirzoyan qeyd edib ki, yanacağa maraq yüksəkdir və insanlar növbəyə dayanırlar. O vurğulayıb ki, qonşu ölkələrlə əməkdaşlıq vacibdir: Azərbaycan və Türkiyədən malların Ermənistan ərazisindən daşınması, eləcə də Ermənistan məhsullarının onların ərazilərindən keçirilməsi təmin edilməlidir. Nazir, Azərbaycan tərəfindən benzinin ucuz qiymətə satılmasının baş nazir Nikol Paşinyanın təkrar seçilməsi üçün edildiyi barədə iddiaları təkzib edib və qiymətlərin sonradan kəskin artacağı fikrini rədd edib.
Mirzoyan həmçinin TRIPP layihəsi barədə məlumat verib. Layihə çərçivəsində nəqliyyat yollarının açılması, o cümlədən dəmir yolunun istifadəyə verilməsi planlaşdırılır. Nazir bildirib ki, bu dəmir yolu vasitəsilə Ermənistan xarici bazarlara çıxış əldə edəcək, Azərbaycan isə öz yükünü Ermənistan ərazisindən keçirəcək, həmçinin üçüncü ölkələr arasında da nəqliyyat əlaqələri təmin olunacaq. TRIPP layihəsinin praktiki tətbiqi 2026-cı ilin ikinci yarısında başlanacaq.
Mirzoyan əlavə edib ki, Ermənistan Türkiyə ilə də intensiv və konstruktiv dialoq aparır, eyni zamanda Rusiya ilə münasibətlərin kəsilməsi kimi bir gündəlik yoxdur. Nazir bildirib ki, ölkənin Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüyü davam edir və əməkdaşlıqdan faydalar əldə olunur. Şirak bölgəsində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsi isə hazırda gündəlikdə deyil.
Bundan əvvəl “Ran Oil” şirkəti Ermənistanın bütün yanacaqdoldurma məntəqələrində Aİ-95 Azərbaycan benzinini 430 drama (1,92 manat) satışa çıxarıb. Yanacaq Azərbaycan–Gürcüstan–Ermənistan dəmiryolu marşrutu ilə gətirilib. İdxalı “Mega Trade” və “Shisha World” şirkətləri həyata keçirir. Bu şirkələrin sahibləri Ermənistanın tanınmış biznesmenləri və deputatları ilə əlaqəlidirlər.
Cavid, BakuPost