Əməkdar artist Bəhram Bağırzadə “Parni iz Baku” komandasının yaradıcılarından biri, tanınmış ssenarist və müəllif Elnur Məmmədovun vəfatı ilə bağlı duyğusal paylaşım edib.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, aktyor 60 yaşında dünyasını dəyişən sənət dostu ilə bağlı xatirələrini bölüşərək onun KVN tarixində oynadığı rolu xüsusi vurğulayıb:
"O, təkcə “Parni iz Baku” komandasının müəllifi deyildi, eyni zamanda bütün Sovet İttifaqı və MDB məkanında tanınan böyük miqyaslı şəxsiyyət idi. Moskvada komandanın qazandığı qələbə və çempionluq zarafatlarının 80 faizi məhz ona məxsus idi. Elnur Məmmədov heyrətamiz dərəcədə çoxşaxəli insan idi — tarixçi, rəssam, hərbçi. Onun çoxlu istedadları və fərqli yönləri var idi və hər birində həqiqətən güclü idi. Məhz onun zarafatları və səhnə çıxışları sayəsində bu sətirlərin müəllifi tanınmış KVN aktyoruna çevrilib. İnsanlar məni onun parlaq, savadlı, dərin və ziyalı yumoru sayəsində tanıyırdılar. Söz tapmaq çətindir… Allah sənə rəhmət eləsin, Elnur".
Qeyd edək ki, “Parni iz Baku” Azərbaycanda 1988–2001-ci illərdə fəaliyyət göstərmiş məşhur KVN komandası olub.
Komanda həm ölkə daxilində, həm də MDB üzrə keçirilən KVN yarışmalarında uğurlar qazanıb, Azərbaycan yumor və satira ənənələrinin formalaşmasında önəmli rol oynayıb. Elnur Məmmədov komandanın qurucularından və əsas müəlliflərindən biri olub. O, səhnə repertuarının hazırlanması, ssenarilərin yazılması və KVN çıxışlarının konseptual ideyalarının formalaşmasında iştirak edib. O, ömrünün son ilərində içkiyə qurşandığı üçün bomj həyatı yaşayıb.