Pakistan və İran ABŞ-İsrail müharibəsinin və qarşıdurmanın sona çatdırılması ilə bağlı danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə edib.
“Bakupost” xəbər verir ki, bunu Pakistanın daxili işlər naziri Möhsin Naqvi Tehrana səfərindən sonra bildirib.
Danışıqlarda qarşıdurmanın daha da genişlənməsinin qarşısını alacaq addımlar, Hörmüz boğazının yenidən açılması və müharibənin mümkün qədər tez başa çatdırılması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin regional sülh və fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli barədə fikir mübadiləsi aparıblar.
Siyasi şərhçi Mehman Əliyev
“BakuPost”a bildirib ki, vasitəçi olaraq Pakistan tərəfinin bəyan etdiyi “əhəmiyyətli irəliləyiş” dedikdə tərəflərin danışıqları davam etdirməyə hazır olmaları, müharibənin yenidən başlamaması üçün zəmanətlərin verilməsi, habelə ABŞ-nin İrana qarşı yeni sərt sanksiyalar tətbiq etməsi fonunda Tehranın müəyyən kompromislərə getməyə hazır olduğunu bildirməsi nəzərdə tutula bilər:
“Belə görünür, ortada proseslə bağlı hansısa yeni paket var. İndi həmin paket üzrə danışıqlar tərəflərin istək və tələblərinin nəzərə alınması istiqamətində gedir”.
Ekspertin fikrincə, digər irəliləyiş Pakistanın prosesdə vasitəçiliyini davam etdirməsi ilə bağlı razılığın əldə olunmasıdır:
“Həmçinin qarşıdurmanın dayandırılması prioritet olaraq müəyyən edilib. Hörmüz boğazında təhlükəsiz hərəkətin bərpası da əsas mövzulardandır. Yəni bu istiqamətlərdə hələlik heç bir sənəd qəbul edilməyib, amma tərəflər qeyd edirlər ki, danışıqlar prosesi davam edir”.
Rüfət Sultan,
BakuPost