Rəsmi Vaşinqton və Tehran Hörmüz boğazının açılmasını nəzərdə tutan sazişlə bağlı prinsipial razılığa gəliblər.
Bakupost.az xəbər verir ki, hazırlanan sənəddə aşağıdakı bəndlər yer alır:
Atəşkəs rejiminin daha 60 gün müddətinə uzadılması, ABŞ tərəfindən İran limanlarının blokadasının qaldırılması və ona qarşı tətbiq edilən sanksiyaları qismən yumşaldılması, tammiqyaslı yekun saziş imzalanana qədər ABŞ-nin İran ətrafındakı hərbi mövcudluğunun qorunub saxlanılması və Tehranın nüvə silahı əldə etmək iddiasından imtina etməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı danışıqların aparılması.
Siyasi şərhçi Kənan Rövşənoğlu
Bakupost.az-a bildirib ki, hər iki tərəf yekun sazişin xeyli vaxt aparacağını anlayır:
“Bunlar Vaşinqtonun tələbləridir. Ancaq Tehranın da öz şərtləri var və ən azı yekun saziş imzalanana qədər bunların qəbul olunmasını istəyir. Ümumiyyətlə, son həftələrdə qarşılıqlı olaraq Vaşinqtondan Tehrana və əks istiqamətdə ön saziş tələbləri göndərilib. Pakistan daxili işlrə naziri iki dəfə Tehrana getdi, baş qərargah rəisi Asim Munir isə həftə sonu Tehranda idi”.
Ekspertin sözlərinə görə, sülh sazişi üçün hər iki tərəfin razılaşdığı mətn ortaya qoyulmalıdır: “Çünki müharibə birtərəfli qaydada başlayıb və elə o şəkildə də dayandırılıb. Yəni burada tərəflərdən birinin tam məğlubiyyəti olmayıb. Tehranın əsas tələbləri sanksiyaların qaldırılması, İranın həbs olunmuş hesablarının açılması, neft bazarına qayıdış, İran ətrafında dəniz blokadasının götürülməsindən ibarətdir. Bunun qarşılığında Tehran nüvə silahından imtina etməyi və nüvə fəaliyyətinə beytnəlxalq nəzarəti təmin etməyi öhdəsinə götürür. Həmçinin digər yan razılaşmalar, Livanda atəşkəs və sair. ABŞ isə yüksək dərəcədə zənginləşdirilmiş uranın İrandan çıxarılması, nüvə fəaliyyətinin dayandırılması, Hörmüzün açılması, proksi qüvvələrə dəstəyi dayandırmaq və digər tələblər irəli sürür”.
Həmsöhbətimizin fikrincə, körfəzdəki vəziyyət razılaşma əldə olunmasını tələb edir:
“Hər iki tərəf anlayır ki, bütün tələbləri yerinə yetirmək mümkün deyil. Ona görə də tərəflər müəyyən güzəştə gedib, ortaq razılığa gəlməlidir. Əks təqdirdə nə hərb, nə də sülh prosesi davam edəcək. Ancaq məsələ ondadır ki, körfəzdəki vəziyyət razılaşma əldə olunmasını tələb edir. Ona görə də qarşıdakı həftələrdə razılaşma əldə olunmalıdır”.
Rüfət Sultan, BakuPost