İran ordusu Hörmüz boğazı akvatoriyasında donanmanın nəzarət etdiyi ərazinin miqyasını böyüdüb.
Bakupost.Az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini Məhəmməd Əkbərzadə bu barədə danışıb.
"Keçmişdə Hörmüz boğazı sadəcə Hörmüz və Henqam adaları ətrafında məhdud bir bölgə hesab edilirdi, lakin hazırda bu baxış dəyişdirilib. Yeni qəbul edilmiş strategiyaya görə, boğazın hüdudları əhəmiyyətli səviyyədə genişləndirilib", - deyə "Tasnim" agentliyi onun fikirlərini yayımlayıb.
İranlı hərbçinin sözlərinə görə, əvvəllər söhbət 20-30 mil (təqribən 32-48 km) enliyindəki sahədən gedirdisə, hazırda bu məsafə 200-300 mili (təqribən 321-482 km) üstələyir: Cask və Sirik yaşayış məntəqələrindən Qeşm və Böyük Türbə adalarının gerisindəki zonalara qədər uzanır.
Xatırladaq ki, aprelin 13-də ABŞ silahlı qüvvələri İrana qarşı dəniz blokadası tətbiq etməyə başlayıb. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına istiqamətlənən və oradan çıxmağa cəhd edən bütün gəmilərin fəaliyyətini dayandırmaq məqsədi daşıdığını bəyan etmişdi. Mayın 4-də isə ABŞ Hörmüz boğazı vasitəsilə gəmilərin keçidini təmin etmək məqsədilə "Azadlıq layihəsi" adlı əməliyyata start versə də, bir gün sonra ABŞ prezidenti əməliyyatın müvəqqəti dayandırıldığını açıqlamışdı.