İran ordusu hücumların davam edəcəyi təqdirdə ABŞ-yə qarşı "yeni cəbhələr" açacağı ilə hədələyib.
İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bildirib ki, ölkələrinə qarşı yeni təcavüz başlayacaqsa, Tehran yeni avadanlıq və yeni metodlardan istifadə edərək yeni cəbhələr açacaq.
Politoloq Elşən Mirzəyev
Bakupost.az-a bildirib ki, bunu deməklə İran əlbir hərəkət etdiyi proksi qüvvələri nəzərdə tutur:
“Bunlar da ilk növbədə Yəmən Husiləri olacaq. Husilər ötən müddət ərzində təkcə ABŞ-nin deyil, digər Qərb dövlətlərinin mövqelərinə də ciddi zərbələr endiriblər. Digər tərəfdən, ABŞ-ni geri çəkilməyə vadar edən amillərdən biri də HƏMAS və “Hizbullah”ın İsrailə qarşı cəbhə açması ehtimalıdır. Çünki İsrailin həmin proksi qüvvələrdən alacağı zərbələr Vaşinqtonu müttəfiqini müdafiə etmək üçün əlavə addımlar atmağa sövq edəcək. Əvvəlki toqquşmalar da göstərdi ki, İsrailin hava hücumundan müdafiə qüvvələri deyildiyi qədər də yüksək keyfiyyətdi deyil”.
Politoloq düşünür ki, Rusiya və Çindən olacaq dəstək də İranın ehtiyatda olan cəbhəsi hesab edilə bilər:
“Tramp İrana dəstəyi dayandırmaqla bağlı məsələdə Çinlə razılığa gələ bilməyib. Bu halda Rusiya və Çinin İran ordusunun təchizatını təmin etmək istiqamətində atacağı addımlar da İranın ABŞ-yə qarşı ehtiyatda olan daha bir cəbhəsidir”.
Həmsöhbətimizə görə, digər “yeni cəbhə” rolunda İrana yaxınlığı ilə seçilən bəzi ərəb dövlətləri də çıxış edə bilər:
“ABŞ-nin İrana qarşı başlayacağı yeni müharibə ərəb və İslam dünyasında birmənalı qarşılanmayacaq”.
Rüfət Sultan, BakuPost