ABŞ-nin İrana qarşı yeni sanksiyalar hazırlaması və Tehranın neft ixracını dayandırmaqla bağlı xəbərdarlığı qlobal enerji bazarında riskləri artırıb.
“Bloomberg HT”nin məlumatına görə, ABŞ İranın ticarət tərəfdaşlarını hədəf alacaq yeni iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır. Tehran isə iqtisadi təzyiqlərin davam edəcəyi təqdirdə Körfəzdən neft ixracını tamamilə dayandıra biləcəyini açıqlayıb.
İqtisadçı-ekspert Xalid Kərimli
“Bakupost”a bildirib ki, İranın neft bazarından tamamilə sıxışdırılması qiymətlərə artırıcı təsir göstərə bilər. Lakin hazırkı neft bazarındakı vəziyyət daha çox İranın neft satıb-satmamasından deyil, Hörmüz boğazının fəaliyyətindən asılıdır.
Onun sözlərinə görə, İran hazırda dünya neft bazarının təxminən 2-3 faizinə qədər paya malikdir. İran uzun müddətdir müxtəlif sanksiyalar səbəbindən neftini böyük həcmdə sata bilmir və müxtəlif məlumatlara görə, gündəlik 1,05-2 milyon barel neft sata bilir.
Ekspert qeyd edib ki, əsas məsələ Hörmüz boğazıdır:
“Burada 20 milyon tona qədər gündəlik neft ixrac olunur. Bu isə dünya neft bazarının 20 faizi deməkdir. Hörmüzdən daha çox şey asılıdır, İrandan o qədər də çox şey asılı deyil”.
Xalid Kərimli bildirib ki, neft qiymətlərinin artması Azərbaycanın neft gəlirlərini və ixrac gəlirlərini artırır. Bununla yanaşı, Dövlət Neft Fonduna daxilolmalar çoxalır, dövlət büdcəsinin neft sektorundan topladığı vergilər artır, valyuta ehtiyatları və manatın etibarı yüksəlir.
“Amma bu, Azərbaycan neft hasilatını artırmır. Azərbaycan neft hasilatı düşə-düşə gedir, amma qiymət artdığına görə gəlirlər artmış olur. Az məhsulumuzu daha yaxşı qiymətə satmış oluruq. Amma təəssüf ki, Azərbaycanın neft hasilatı azalır”, – deyə ekspert vurğulayıb.
O qeyd edib ki, Hörmüz boğazında baş verən proseslərin Azərbaycan üçün mənfi təsirləri də var. Belə ki, neft qiymətlərinin bahalaşması əhali üçün mənfi nəticələr yarada bilər.
“Daşımalar bahalaşır, qlobal inflyasiya artır, idxal etdiyimiz tərəfdaş ölkələrdə iqtisadi artıma mənfi təsir göstərir, idxal bahalaşır və s. Yəni xalq üçün o qədər də yaxşı xəbər deyil”, – deyə Xalid Kərimli bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan qaz sektoru da bu proseslərdən faydalana bilər. Lakin bunun üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi lazımdır.
“Biz Cənub Qaz Dəhlizini tam gücü ilə istismar edirik. Biz qaz hasilatı və yaxud qaz ixracatını, yaxud da qaz tranzitini artırmağımız üçün Cənub Qaz Dəhlizi genişlənməlidir”, – deyə o bildirib.
Xalid Kərimli qeyd edib ki, bunun üçün Avropa ölkələri və Avropa institutları Cənub Qaz Dəhlizinə investisiya qoymalıdır. Onun sözlərinə görə, 2022-ci ildən memorandum imzalansa da, dəhlizin genişləndirilməsi istiqamətində hələ real addım atılmayıb.
“Biz qazı artıra da bilmirik, çünki borularımız tam dolu, tam gücü ilə qaz satırıq”, – deyə ekspert əlavə edib.
O, digər bir riskə də diqqət çəkib. Ekspertin sözlərinə görə, neft qiymətlərinin yüksək olması hökumətin islahatlara marağını azalda bilər:
“Neft qiymətlərinə arxayın olub rahat olur. Bunun özü də əlavə riskdir”.
Vüsalə Hüseynova,
BakuPost