Rusiyanın İrkutsk vilayətində taunla bağlı ciddi epidemioloji tədbirlər görülür.
"Bakupost" xəbər verir ki, İrkutskdakı taunla mübarizə institutunda çalışan gənc laboratoriya əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirildikdən sonra həyatını itirib.
Onun laboratoriyada taun törədicisi olan bakteriya ilə işlədiyi bildirilir.
Yayılan versiyaya görə, laboratoriyada sınaq şüşələrindən biri sınıb və qadın tauna yoluxmuş ola bilər.
Qadının ölümündən sonra onunla təmasda olan insanların hamısı müəyyənləşdirilməyə başlanılıb.
İlkin məlumatlara görə, 197 nəfərin onunla təmasda olduğu müəyyən edilib.
Onlardan 189 nəfər xəstəxanalara yerləşdirilib və tibbi nəzarətə götürülüb.
Bəzi xəstələrdə müəyyən simptomların müşahidə olunduğu barədə məlumatlar yayılıb.
Ancaq bu simptomların taun xəstəliyi ilə bağlı olduğu hələ təsdiqlənməyib.
İlkin laboratoriya müayinələrinin nəticələri mənfi olan şəxslər də var.
Həkimlər onları profilaktik məqsədlə ciddi nəzarətdə saxlayırlar.
Eyni zamanda, artıq xəstəxanaya yerləşdirilən şəxslərlə təmasda olan ikinci qrup insanlar da müəyyən edilir.
Şelehov rayon xəstəxanasında karantin rejimi tətbiq olunub.
Xəstəxananın bəzi şöbələrində xəstələrin qəbulu və evə buraxılması müvəqqəti dayandırılıb.
Rusiya səhiyyə qurumları vəziyyətə nəzarət edir və əlavə epidemioloji tədbirlər həyata keçirirlər.
Hazırda əsas məqsəd mümkün yoluxma zəncirini müəyyənləşdirmək və xəstəliyin daha geniş yayılmasının qarşısını almaqdır.
İrkutskda baş verən hadisənin bütün təfərrüatları və digər şəxslərdə taun olub-olmadığı ilə bağlı araşdırmalar davam edir.
Aygün Musayeva,
BakuPost