Ru
13:28 / 20 Aprel 2019

"İslahatlar sürətləndirilsə, Qərb Azərbaycanda inqilab edəcək" - Deputatdan SENSASİON AÇIQLAMA

2434


  "Vaxtilə ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki..." 



Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət
Həsənqiliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Bakupost.az həmin
müsahibəni təqdim edir:

 

-
Qüdrət bəy, xarici işlər nazirlərinin Moskva görüşündən sonra Qarabağ
problemini həlli istiqamətində hansısa irəliləyişlər ola bilər?

- Əgər
Rusiya ilə bağlı qapılar arxasında hansısa razılığa gəlmişiksə, ola bilər. Əks
halda, biz əldə olunmuş razılaşmalarla Ermənistan üçün daha təhlükəsiz şərait
yaradırıq ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətini daha uğurla və
sürətlə həyata keçirsin.


Elmar Məmmədyarovun 25 illik danışıqlardan sonra verdiyi bəyanata görə, o, nəhayət,
"dərindən başa düşüb ki, hansı problemlər var və hansı problemlər aradan
qaldırılmalıdır". Onun nəyi başa düşdüyünü bilmirəm, sözün doğrusu, mən
onun dediklərindən heç nə başa düşə bilmədim...




-
İslahatların gedişi barədə nə düşünürsünüz?

-
İnkişaf etmiş Qərb-xristian dünyasının yaradacağı təhlükələrə əhəmiyyət
vermədən prezident islahatları dərinləşdirir. İri istehsal müəssiələri
investisiya müsabiqəsinə çıxarılır, qanunun aliliyinin təmin olunması üçün
məhkəmə-hüquq islahatlarına başlanılıb. Aqrar sektorun inkişafı üçün ciddi
işlər görülür, ordunun döyüş qabiliyyəti artırılır.




- Nədir
Qərbin Azərbaycandan istəyi?

-Türkmənistan
kimi bir dövlət qurmaq, torpaqlarımızı işğaldan azad etmək üçün müharibə etmək
barədə düşünməmək.




- Nəyin
əsasında belə düşünürsünüz?

- Vaxtilə
ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki, "insanları küçələrdən yığışdırın”. Müxalifətə
isə həmin vaxt başqa sözlər deyirdi, başqa bəyanatlar verirdi. Bu, yetərli
deyilmi?! Qərbin ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə kömək etmək
üçün çox böyük imkanları olduğu halda heç vaxt bunu etməyib. Etdikləri isə
qarşılığında nələrisə öyrənmək və bu yolla proseslərə mane olmaq məqsədi
daşıyıb.

İlham
Əliyev fərqindədir ki, islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi
pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar
bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman
Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü
bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar. Bu məqsədlərinə çatmaq
üçün çalışacaqlar ki, daxildə hakimiyyət uğrunda 1993-cü ildəkindən də qanlı
savaşlar törətsinlər. Radikal müxalifət düşərgəsində, ortada heç nə olmaya-olmaya
öncüllük üçün bir-birinə "qardaş” deyib, amma bir-birinə qarşı hər cür mənəviyyatsızlığa əl atanlar, görün,
xaricdən real hakimiyyət vədi alarlarsa, nələr edərlər...Qardaş qırğınına
belə gedərlər. 

"Əgər İlham Əliyev və Mehriban Əliyeva müasir insanlar olmasaydı..."  


Xristian dünyası bilir ki, güclü, demokratik, inkişaf etmiş Azərbaycan, hansı
ki, bu yalnız islahatlar yolu ilə mümkündür, təkcə sözdə yox, əməldə də işğalla
barışmayacaq. Onlara isə müharibə lazım deyil. Torpaqlarımızın xristian
ermənilər tərəfindən məskunlaşdırılması, təbii sərvətlərərimizdən və nəqliyyat
infrastrukturumuzdan istifadə lazımdır. Amma zamanında bu siyasətlərinin nə
dərəcədə yanlış olduğunu anlayacaqlar.



Qərbin
istəklərinin nəzərə alınması və islahatların gecikdirilməsi isə sosial
partlayışların baş verməsi ehtimalına görə daha təhlükəlidir.



Əgər
İlham Əliyev və Mehriban Əliyeva, onların övladları müasir, modern dünyagörüşlü
insanlar olmasaydı, Azərbaycan çoxdan Türkmənistana çevrilmişdi. Baxmayaraq ki,
reallıq hissini itirmiş bəzi siyasətbazlar iddia edirlər ki, guya onların
mübarizəsi Azərbaycanın Türkmənistan olmasına imkan verməyib. Amma "Türkmənistanlaşma”
siyasəti aparılsaydı, Qərb də, totalitar cəmiyyətdə formalaşıb demokratik
vərdişləri mənimsəməmiş xalqımız da həmin siyasəti alqışlayacaqdı. Ona görə də
Prezident mövcud durumu nəzərə alıb, tədrici və ardıcıl addımlarla cəmiyyəti
inkişaf etdirmək, müasir təfəkkürlü Azərbaycan insanı formalaşdırıb, bu
reallığı xarici dairələrə qəbul elətdirmək istəyir.

"Xalqımızı hər şeylə barışan müti kütləyə çevirmək olar"


Vaxtilə
söyləmişdim ki, islahatlar dərinləşdikcə təxribatların miqyası genişlənəcək. Amma
biz xalqımızla bizi gözləyən təhlükələr barədə açıq danışmalı, təxribatlardan
qorxmamalıyıq.



Əvvəllər
də demişəm ki, bütün xalqlar azadlığa və rifaha layiqdir. Amma hər xalq buna
təminat verəcək dövlət qurmaq gücündə deyil. Hazırda xalqımızın
sosial inkişaf səviyyəsi elədir ki, aparılan siyasətlə onu qürurlu və
torpaqlarını işğaldan azad etmək üçün qəhrəmanlıq göstərməyə hazır olan millətə
də çevirmək olar, yaxud hər şeylə barışan müti kütləyə də. İlham Əliyev müasir
düşüncəli bir dövlət adamı kimi bunu görür və Qarabağın işğalı ilə çıxılması
çox çətin olan ,"bataqlığa” düşmüş ölkəmizi təhlükəsiz yolla irəli
aparmağa çalışır.



Xarici
güclər Qarabağın işğalına və işğal altında saxlanılmasına kömək etməklə
Azərbaycanda demokratik dövlət quruculuğu prosesinə böyük zərbə vurmaqdadırlar.



Ona
görə də mən bəzi riskləri göz önünə alıb daha cəsarətli və daha çevik siyasət
yürüdülməsinə çağırıram. Qarabağın azadlığı üçün danışıqları hamımızın forpost
adlandırdığı Ermənistanla deyil, bağlı qapılar arxasında Rusiya ilə
aparmalıyıq. Müstəqil qərar qəbul etmək gücündə olmayan ölkə ilə danışıqlar
aparılmasının nə mənası var. Rusiya ilə yaxınlaşmamızın dövlət suverenliyimizi
təhdid edəcəyindən, yaxud buna görə Qərbin artacaq təzyiqlərindən qorxmaq
lazım deyil. Bəziləri deyir ki, bir az da gözləyək, Rusiya dağılacaq. Bu
illüziyadır. Bütün dövlətlər kimi Rusiyanın da öz problemləri var. Amma Putin
daxili siyasəti ilə imkan yaradıb ki, ölkəni narahat edən problemlər
çoxfraksiyalı Dövlət Dumasında qızğın müzakirə olunsun. Problemlər barədə sadəcə
inqilab etmək istəyənlər danışıb, xalqda belə təsəvvür yarada bilməsinlər ki, yalnız
onlar düz söz danışır və xalqın problemləri yalnız onları narahat edir. Televiziyalarda
siyasi hakimiyyət üçün ən ağrılı problemlərin belə müzakirəsini təmin etməklə
xalqı hər cür təxribat xarekterli məlumatların yayıldığı sosial şəbəkələrdən
ayırıb, canlı efirə baxmağa qaytarıblar. Məhz bu səbəbdən inqilabçılar
milyonlarla insanı küçəyə çıxara bilmir. Narazı elektoratın 85%-i parlamentdə
təmsil olunan müxalifət partiyalarının ətrafında cəmləşib. O partiyalar xarici
güclərə bağlı deyil və hər hansı böhran anında dövlətçiliyə xəyanət
etməyəcəklər. Bu mənada bizim böyük dövlətçilik təcrübəsi olan Rusiyadan
öyrənəcəyimiz çox şey var. Ona görə də Rusiyanın dağılmasını və hansısa möcüzə
nəticəsində Qərbin mövqeyinin dəyişəcəyini gözləmədən, çalışıb münaqişədə əsas
söz sahibi olan Rusiya ilə anlaşmaqla, bu alınmasa belə, hər bir halda müharibə
edib işğala son qoymalıyıq. İşğalın davam etməsi gələcəkdə vətəndaş
qarşıdurmasına yol açmaqla hər birimizə və xalqımıza böyük faciələr yaşadacaq, dövlətçiliyimizi
məhv olmaq təhlükəsi ilə üz-üzə qoyacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər