Ru
18:14 / 08 Aprel 2026

İsraildə Tramp gərginliyi: ABŞ prezidentini “axmaq” adlandırdılar

İsraildə Tramp gərginliyi: ABŞ prezidentini “axmaq” adlandırdılar
Eye

Gözlənildiyi kimi, ABŞ-ın İranla iki həftəlik atəşkəs barədə razılığa gəlməsi İsraildə sərt reaksiyaya səbəb olub. İsraildə bir çox siyasi qüvvələr atəşkəs qərarını sərt tənqid edir və bu addımın İrana üstünlük qazandırdığını düşünürlər.

İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Tzvika Fogel razılaşmanı tənqid edərək, onu ölkəsinin təhlükəsizliyi baxımından qəbuledilməz adlandırıb. Hətta Fogel çıxışı zamanı Trampı axmaq adlandırıb.

Yaxın Şərq üzrə ekspert, konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, Təl-Əvivlə Vaşinqton arasında sözügedən məsələdə ciddi fərq müşahidə edilsə də, İsrail-ABŞ münasibətlərində ciddi bir gərginlik yaşanmayacaq:

“Son baş verənlər göstərir ki, Donald Trump tərəfindən elan olunan atəşkəs Vaşinqtonun klassik “müttəfiqlə birlikdə sona qədər getmək” strategiyasından bir qədər fərqlənir.

Bu addım daha çox ABŞ-nin öz strateji yükünü azaltmaq və nəzarətli formada geri çəkilmək istəyindən xəbər verir.

ABŞ üçün prioritet artıq regionda uzunmüddətli müharibə yox, risklərin idarə olunmasıdır. Yəni məqsəd İranı tam məğlub etmək deyil, qarşıdurmanı müəyyən səviyyədə “dondurmaqdır”.
Konfliktoloqun sözlərinə görə məhz bu amil İsrailin təhlükəsizlik doktrinası ilə tam üst-üstə düşmədiyindən Təl-Əviv atılan addıma sərt reaksiya verib:

“Tel-Əviv uzun illərdir təhlükəsizliyini ABŞ-ın şərtsiz siyasi və hərbi dəstəyinə bağlayıb. Bu səbəbdən İsrail daxilində və ona yaxın siyasi fiqurların Trampı tənqid etməsi də məntiqlidir. Onlar bunu “strateji zəiflik” kimi oxuyurlar. Amma məsələ sözdə tənqidən o yana keçməyəcək”.

Ekspert qeyd edir ki, nəticədə ortaya belə bir mənzərə çıxıb:

“ABŞ üçün bu atəşkəs – idarə olunan çıxışdır. İran üçün – nəfəs alma və mövqeni qoruma imkanıdır. İsrail üçün isə – qeyri-müəyyən və riskli gələcəyin başlanğıcıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar