Avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək.
“Bakupost” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq.
Xatırladaq ki, qabiliyyət imtahanı kompüterlər vasitəsilə keçiriləcək. Abituriyentlər inşanı elektron formada kompüterdə yazacaqlar.
İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 10:00-da başlanır və 3 saat davam edəcək.