Ermənistanda seçki öncəsi siyasi partiyalar seçicilərin rəğbətini qazanmaq üçün hər cür ağlasığmaz, fantastik uydurmalara əl atırlar.
Bu xüsusda daha çox canfəşanlıq göstərənlər əsasən də kremlyönlü “Güclü Ermənistan” blokudur.
Belə ki, birliyin baş nazirliyə namizədi, milyarder Samvel Karapetyan bəyanat yayaraq, hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan vətəndaşlarının ölkədə torpaq sahələri və daşınmaz əmlak almasını qadağan edəcəyini bildirib.
“Biz azərbaycanlıların Ermənistanda torpaq və ev almasını, həmçinin onlara hədiyyə verilməsini qadağan edən qanunlar qəbul edəcəyik”, - deyə Karapetyan bildirib.
O iddia edib ki, guya 300 min azərbaycanlı “torpaq sahələri və evlər almaqla artıq Ermənistana daxil olmağa hazırlaşır. Bu əsasda da o, kəndlər, məktəblər və uşaq bağçalarının guya onlar üçün boşaldıldığını söyləyib.
Karapetyanın bu açıqılaması aydın məsələdir ki, sırf seçkiyə hesablanmış bəyanatdır. İndiki halda, hələlik tam etimadın formalaşmadığı, təhlükəsizlik təminatının olmadığı, müharibənin, vaxtilə baş verən erməni işğalının acı nəticələrinin yaddaşlardan silinmədiyi bir dövrdə Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq sahəsi, daşınmaz əmlak almaq niyyətinə düşəcəklərini təsəvvür etmək çətindir. Yəni mövcud şəraitdə bu mümkünsüzdür.
Bunu Ermənistanda da iqtidarlı, müxalifətli hamı bilir. Belə olan halda Karapetyanın azərbaycanlıların Ermənistanda torpaq və ev almasını, həmçinin onlara hədiyyə verilməsini qadağan edən qanunlar qəbul edəcəyi ilə bağlı səsləndirdiyi bəyanat sırf revanşist əhval-ruhiyyəli seçiciləri öz ətrafında toplamağa yönəlik addımdır.
Yəni onun bu sayaq bəyanatlarda məqsədi seçiciləri qorxutmaq və onlar arasında belə bir “təhlükənin” qarşısını almağa qadir yeganə qüvvə olduğu obrazını formalaşdırıb, öz elektoratının sayını artırmağa çalışmaqdır.
Rüfət Sultan, BakuPost