Ru
16:30 / 21 İyul 2026

Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq...

Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə  xaricdən daşıyırıq...
Eye

Azərbaycanda yay mövsümündə müxtəlif növ meyvələr bol yetişdirilsə də, mağazalarda satılan quru meyvələrin böyük hissəsi İran, Türkiyə, Özbəkistan və digər ölkələrdən idxal olunur. Bəs ölkədə kifayət qədər meyvə istehsal edildiyi halda, niyə yerli quru meyvə istehsalı daxili tələbatı tam ödəmir?

Mövzu ilə bağlı “BakuPost”a danışan kənd təsərrüfatı eksperti Akif Nəsirli bildirib ki, problemin əsas səbəbi meyvə çatışmazlığı deyil, emal sənayesinin imkanlarının məhdud olmasıdır.

Onun sözlərinə görə, Azərbaycanda meyvə istehsalı kifayət qədər olsa da, məhsulun əhəmiyyətli hissəsi təzə halda satışa çıxarılır və ya ixrac edilir. Mövcud emal müəssisələrinin imkanları isə bütün məhsulu qəbul edəcək səviyyədə deyil:

“Əsas problemlərdən biri müasir emal və qurutma müəssisələrinin sayının məhdud olmasıdır. Bir çox kiçik fermerin məhsulunu sənaye üsulu ilə qurutmaq imkanı yoxdur. Bundan başqa, müasir qurutma texnologiyaları, qablaşdırma, saxlanma və keyfiyyət standartlarının tətbiqi əlavə investisiya tələb edir. Kiçik təsərrüfatlar isə bu investisiyaları etməkdə çətinlik çəkirlər”, - deyə ekspert qeyd edib.

Akif Nəsirli bildirib ki, bazara çıxış imkanlarının məhdudluğu da əsas problemlərdəndir. Onun sözlərinə görə, fermerlər emal müəssisələri və ticarət şəbəkələri ilə davamlı əməkdaşlıq qura bilmədikdə məhsulun bir hissəsi satılmadan qalır və ya çox aşağı qiymətə realizə edilir. Kooperasiyanın zəif olması isə kiçik istehsalçıların bazarda rəqabət qabiliyyətini azaldır.

Ekspert qeyd edib ki, idxal olunan quru meyvələrin bazarda üstünlük qazanmasının əsas səbəblərindən biri həmin ölkələrdə istehsalın iri həcmdə və aşağı maya dəyəri ilə həyata keçirilməsidir.

Onun fikrincə, yerli quru meyvə istehsalını artırmaq üçün emal müəssisələrinin sayının artırılması, müasir qurutma texnologiyalarına investisiyaların təşviq edilməsi, fermer kooperativlərinin inkişafı və istehsalçılarla emal müəssisələri arasında uzunmüddətli əməkdaşlığın qurulması vacibdir.

Akif Nəsirli hesab edir ki, bu addımlar məhsul itkilərinin azalmasına, fermerlərin gəlirlərinin artmasına, emal sənayesinin inkişafına, idxaldan asılılığın azalmasına, ixrac potensialının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar