Ermənistanda keçiriləcək seçkilər ərəfəsi siyasi partiyaların seçki təbliğatında Azərbaycanla sülh prosesinə də xüsusi yer verilir.
Hətta revanşistlər də bu məsələni tez-tez qabardırlar.
Ermənistanın keçmiş prezidenti və “Hayastan” seçki blokunun baş nazirliyə namizədi Robert Koçaryan da Zəngəzur vilayətinin Qarakilsə rayonunun sakinləri ilə görüşündə İrəvanla Bakı arasında sülh danışıqlarına toxunaraq bildirib ki, hakimiyyətə gəlsələr, Azərbaycanla sülh danışıqlarını sıfır nöqtəsindən başlamayacaqlar.
Koçaryan iddia edib ki, onun yanaşması danışıqlar prosesinin sıfırlanması" demək deyil. Eyni zamanda o, sülh müqaviləsi üçün “zəmanətçilər” lazım olduğunu da bəyan edib.
“Zamin tərəflər”ə gəlincə, Koçaryan bu rolda Rusiya, Çin və ABŞ-ni görür.
Xatırladaq ki, hazırda Azərbaycan və Ermənistan sülh danışıqları, sərhədin delimitasiyası və digər prosesləri vasitəçilər olmadan davam etdirir. Hər iki tərəf rəsmi şəkildə vasitəçilərə ehtiyacın olmadığını bəyan edib.
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli
Bakupost.az-a bildirib ki, Koçaryan erməni cəmiyyətindəki əhval-ruhiyyəni nəzərə alaraq bu cür bəyanatla çıxış edir və bütün bunlar seçkiyə hesablanmış addımlardır:
“Ermənistan cəmiyyətində revanşizm meylləri qalsa da, hazırda müharibə əhval-ruhiyyəsi zəifləyib. Cəmiyyətin böyük hissəsi müharibə istəmir. Koçaryana gəldikdə, onun indiyə qədərki seçki təbliğatı əsasən müharibə üzərində qurulmuşdu. Amma indi o görür ki, cəmiyyət artıq bu məsələyə o qədər də maraq göstərmir. Ona görə Koçaryan da seçki təbliğatında fikirlərini dəyişib. Belədə Koçaryan da ona səs verənlərin sayının artmasına nail olmaq üçün cəmiyyət qarşısında sülh mesajları ilə çıxış edir”.
Ekspert bütün hallarda Koçaryanın dediyi bu fikirlərdə səmimi olmadığını da diqqətə çatdırdı:
“O heç bir fikrində səmimi deyil. Sadəcə olaraq, səs çoxluğu qazanmaq və cəmiyyət qarşısında itirilmiş nüfuzunu bərpa etmək istəyir”.
Koçaryanın sülh prosesində vasitəçi dövlətlərə ehtiyac olduğu barədə açıqlamasına gəldikdə, həmsöhbətimiz qeyd edir ki, bununla o, həmin ölkələrdə özünə xoş münasibətin formalaşmasına çalışır:
“Bununla bir tərəfdən yenidən Moskvanı prosesə qaytarmaqda maraqlı olduqları barədə Rusiyaya mesaj verirlər. ABŞ isə artıq müqavilənin paraflanması ilə sülhə təminat verib. Çinə gəldikdə, artıq o da dünyanın aparıcı dövlətidir. Koçaryan da həmin dövlətlərdə özünə xoş münasibət formalaşdırmaq üçün bu tip bəyanatlarla çıxış edir”.
Rüfət Sultan, BakuPost