Ru
13:09 / 04 Oktyabr 2025

Kopenhagen zirvəsi: Azərbaycan-Aİ strateji tərəfdaşlığı güclənir

Kopenhagen zirvəsi: Azərbaycan-Aİ strateji tərəfdaşlığı güclənir
Eye

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı qlobal və regional gündəmin ən aktual məsələlərinin müzakirə olunduğu mühüm diplomatik platforma kimi diqqət çəkdi. Təxminən 50 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirdə Avropadakı təhlükəsizlik mühiti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi sabitlik, enerji və miqrasiya problemləri əsas müzakirə mövzuları oldu.

Bu mühüm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı da xüsus diqqət mərkəzində oldu. Çünki Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, həm də Avropada enerji təhlükəsizliyinin etibarlı təminatçısı və regional sülhün təşəbbüskarı kimi tanınır.

Zirvə çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqının rəhbər nümayəndələri, eləcə də Fransa, İtaliya, Niderland və Ukrayna liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi, enerji əməkdaşlığının dərinləşməsi və sülh gündəliyinin qlobal səviyyədə dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Görüşlər zamanı Avropa İttifaqı rəsmiləri və Qərb liderləri Vaşinqtonda əldə olunmuş sülh razılaşmasını yüksək qiymətləndirərək, regionda davamlı sabitliyin təmin olunacağına ümidvar olduqlarını qeyd etdilər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakupost.az - a açıqlamasında bildirib ki, hazırda Azərbaycan prezidenti Qərbdə ən çox arzu edilən liderlərdən biridir:

“Elə Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin tədbirində Azərbaycan Prezidentinə və ümumilikdə Azərbaycana olan maraq da bunun əyani göstəricisidir. Bu marağı şərtləndirən bir sıra amillər var. Şübhəsiz ki, bu sırada Azərbaycanın etibarlı tərəfdaş və beynəlxalq hüquqa riayət edən güclü dövlət olması, sülhpərvər ölkə kimi tanınması və s. məsələlər ciddi rol oynayır".

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan ötən illər ərzində bəlkə də çoxlarının diqqətini çəkməyən, lakin çox mühüm qlobal layihələr həyata keçirib:

"Beləliklə, öz geostrateji mövqeyini təbii şəkildə mövcud olduğu səviyyədən daha yüksək səviyyəyə qaldıra bilib. Okeanlara çıxışı olmayan Azərbaycan bu gün həyata keçirdiyi layihələrlə dünyanın logistika mərkəzlərindən, tranzit coğrafiyalarından birinə çevrilməyi bacarıb. Eyni zamanda, Azərbaycan həm klassik enerji daşıyıcılarının, həm də “yaşıl enerji” daşıyıcılarının məkanı kimi çıxış edir. Bütün bunlar, əlbəttə ki, Azərbaycanı cazibədar bir ölkəyə çevirir.

Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra onun dünya siyasətində gücü, yeri və nüfuzu daha da artıb. Təkcə Fransa prezidentinin Azərbaycan prezidentinə münasibətinə baxmaq kifayətdir ki, 2020-ci ildən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun nə qədər yüksəldiyini dəqiq görək. Azərbaycana qarşı radikal mövqedən çıxış edən bir ölkə prezidentinin münasibətinin birdən-birə bu şəkildə dəyişməsi, demək olar ki, həsəd doğuracaq davranışla əvəz olunması heç şübhəsiz ki, Azərbaycanın artan gücündən xəbər verir”.

Milli Məclisin deputatı Arzu Nağıyev Bakupost.az -a bildirib ki, bu sammitdə iştirak Azərbaycanın mövqeyini daha da gücləndirərək, regional inteqrasiyada və Avropa ilə əməkdaşlıqda ciddi aktor olduğunu göstərdi:

“Sammit Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlığında yeni perspektivlər açır. Keçirilən görüşlər ilk növbədə iqtisadi sahədə qarşılıqlı ticarət və investisiya imkanlarının genişlənməsinə səbəb ola bilər. Eyni zamanda, enerji sahəsində Cənub Qaz Dəhlizinin gücləndirilməsi və bərpa olunan enerji layihələrinin inkişafı gündəmdədir.

Nəqliyyat baxımından Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Azərbaycanın logistika mərkəzi kimi rolu daha da artır, ölkəmizi Avropa üçün etibarlı tranzit tərəfdaşına çevirir. Azərbaycanın beynəlxalq imici möhkəmlənir. Belə platformalarda iştirak yalnız iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmır. Avropa siyasi dairələrində ölkəmiz təkcə enerji təmsilçiliyi deyil, həm də regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına töhfə verən tərəfdaş kimi qəbul olunur. Bu isə qlobal təhlükəsizlik gündəliyində fəal iştiraka şərait yaradır”.

Deputat qeyd edib ki, strateji baxımdan “Avropa Siyasi Birliyi” kimi platformalarda iştirak Azərbaycan üçün birbaşa diplomatik kanalların açılması deməkdir:

“İstər enerji, nəqliyyat, istərsə də təhlükəsizlik sahəsində ölkəmiz öz mövqeyini Avropa liderlərinə vasitəçilərsiz təqdim etmək imkanı qazanır. Bu da Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin tam müstəqil olduğunun bariz nümunəsidir”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, görüşün ən önəmli tərəflərindən biri ayrı-ayrı ölkə liderlərinin Azərbaycan Prezidentinə xüsusi diqqət göstərməsi idi:

"Vaxtilə bir sıra Avropa dövlətləri Azərbaycanın əleyhinə ədalətsiz qərarlar qəbul edir, qərəzli mövqe sərgiləyir, ölkəmizi ittiham edirdilər. Hətta bir sıra ölkələrin parlamentləri və müxtəlif strukturları ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməkdə sanki yarışa girmişdilər. İndi isə həmin liderlər cənab Prezidenti təbrik edir, xoş fikirlərini və düşüncələrini çatdırırlar. Fransa Prezidentinin də cənab Prezidentlə görüşdüyünün şahidi olduq. Bu görüş Azərbaycanın artan nüfuzunun, ölkəmizə artan diqqətin və cənab Prezidentin uğurla həyata keçirdiyi siyasətin nəticəsidir. Bu, eyni zamanda Azərbaycanın Qarabağ savaşında əldə etdiyi qələbənin növbəti təsdiqidir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın apardığı ardıcıl, uğurlu və məqsədyönlü siyasət öz nəticəsini verir”.

Beləliklə, Kopenhagen sammiti də Azərbaycanını artıq sadəcə, regional aktor deyil, beynəxlaq səviyyədə siyasi proseslərin fəal iştirakçısı, regionda sülhün təşəbbüskarı, eyni zamanda Avropanın enerji təminatçısı olduğunu təsdiqlədi. Prezident İlham Əliyevin sözügedən səfəri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası qlobal siyasətdə öz mövqelərini xeyli möhkəmləndirib".

Lalə, BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar