Korona bədənə hansı yolla yayılır? - ARAŞDIRMA

Ağız suyu koronavirus infeksiyasını bədənin başqa hissələrinə yayır. Yəni insanın udqunması infeksiyanın ağızdan bədənin başqa hissələrinə keçməsinə şərait yaradır.


Bakupost.az Novator.az-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın CNN kanalının internet səhifəsində yazı dərc olunub.


Yazıda “Natural Medicine” jurnalının işıqlandırdığı geniş araşdırmaya istinad edilir. Qeyd olunur ki, alimlər ağızda, o cümlədən yanağın iç tərəfində, damaqda və tüpürcək vəzilərində koronavirus infeksiyası aşkarlayıblar.

Tədqiqatçılar bu qənaətə gəliblər ki, ağız boşluğu COVİD-19-un yayılmasında əsas mənbədir və yoluxanların əksərinin dadbilmə duyğusunu itirməsi də bundan xəbər verir.

Koronavirus infeksiyasını müəyyənləşdirmək üçün tüpürcək testi indiyədək ən asan və uyğun üsul sayılır. Amma alimlər diaqnozun niyə məhz ağız suyu yolu ilə qoyulduğunu araşdırmamışdılar.

Yeni tədqiqat bu sahədəki boşluğu aradan qaldırır. Araşdırmanın nəticəsini açıqlayan Amerika Stomatoloji Assosiasiyasının Elmi-Tədqiqat İnstitutunun əməkdaşı doktor Kevin Bayrd deyir: “İnfeksiyalı tüpürcəyi udanda və ya nəfəs alıb-verdiyimiz zaman infeksiyaya yoluxmuş ağız suyundakı zərrəciklər virusu boğazımıza, ağ ciyərlərimizə, hətta bağırsaqlarımıza ötürə bilir”.

Ağız, burun, sinuslar, boğaz və ağ ciyərlər bir-birilə əlaqəlidir. Seliyə bulaşmış virus axıntı yolu ilə, yaxud öskürən zaman həmin bölgələrə yayıla bilər. Tədqiqatçılar COVİD-19-dan vəfat edən insanların ağız toxumalarından alınan nümunələrin təxminən yarısında virus aşkarlayıblar.

Bu araşdırma eyni zamanda burundan götürülən testi mənfi çıxan insanlarda tüpürcək testinin müsbət çıxdığına dair faktlar ortaya qoyub. Alimlər bu qənaətə gəliblər ki, virus burun-udlaq yolundan təmizlənsə də, burunun arxasında – boğazın yuxarı hissəsində tüpürcəkdə yaşamaqda davam edir.

Mənbə: CNN.com