Rusiya Ukraynaya qarşı hücumuna haqq qazandırmaq üçün müxtəlif vasitələrə əl atmaqda, fərqli versiyalar irəli sürməkdə davam edir.
Bu xüsusda “fərqlənənlərdən” biri də Rusiya Prezidentinin müşaviri Anton Kobyakovdur.
“Bakupost” xəbər verir ki, TASS informasiya agentliyinə müsahibəsində Kobyakov Rusiyanın 24 fevral 2022-ci ildə “xüsusi hərbi əməliyyat”a başlamaqla Ukrayna ordusunun həmin il martın 8-də Rusiya ərazisinə planlaşdırılan hücumunu iki həftə qabaqladığını bildirib.
“Biz onları iki həftə qabaqladıq. Simvolik olaraq, onlar müharibəni bizə Qadınlar Gününə ‘hədiyyə’ kimi vermək istəyirdilər. Bunun əvəzinə, Rusiya rəhbərliyinin uzaqgörənliyi sayəsində əvvəllər ortaq hərbi bayramımızın ‘qara damğasını’ aldılar. Prezidentin əvvəllər qeyd etdiyi kimi, 22 iyun tariximizdə heç vaxt təkrarlanmayacaq”, – deyə Kobyakov vurğulayıb.
O, Qərbin də öz növbəsində sadəcə “Minsk razılaşmalarının tərəfdarı kimi maskalandığını” bildirib.
“Sonradan məlum oldu ki, bu kamuflyajın məqsədi Ukraynanı müharibəyə hazırlamaq idi”, – deyə Rusiya Prezidentinin müşaviri qeyd edib.
Rüfət Sultan
BakuPost