Ru
15:42 / 25 May 2026

Kreml Baltikyanı ölkələrə hücum edə bilər: Müharibə Avropaya üz tutur

Kreml Baltikyanı ölkələrə hücum edə bilər: Müharibə Avropaya üz tutur
Eye

Son dövrlər Rusiyanın Baltikyanı ölkələrə qarşı təhdidləri xeyli artıb.

Daha əvvəl Moskva Ukraynanın Litva ərazisindən Rusiyaya dron zərbələri endirməsini bəhanə edərək, bu ölkəni az qala cavab zərbələrilə hədələdi.

İndi də Rusiya Baltikyanı ölkələrə hücum etmək üçün başqa bir bəhanədən yararlanmağa çalışır.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Baltikyanı ölkələrdə "rusların hüquqlarının pozulması" ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəklərini bəyan edib.

Bəyanatda deyilir ki, Moskva dəfələrlə Latviya, Litva və Estoniyanı davam edən pozuntulara görə beynəlxalq səviyyədə məsuliyyət daşımağa çağırıb.

Lakin Rusiya XİN-i qeyd edir ki, "münaqişənin sülh yolu ilə həlli üçün bütün cəhdlər uğursuz olub" və bu, onları BƏM-ə müraciət etmək qərarına gətirib çıxarıb.

Siyasi şərhçi Aqşin Kərimov Bakupost.az-a bildirib ki, prosesin mərkəzindəki ana xətt Rusiya-Ukrayna müharibəsində Kremlin düşdüyü çətin vəziyyət və onun uğurlara imza ata bilməməsidir:

“Cəbhədəki vəziyyət son bir ildə donmuş xarakter daşıyır. Rusiya əhəmiyyətli irəliləyişlər əldə edə bilməyib. Ukrayna da öz növbəsində bəzi irəliləyişlərə nail olsa da, bunlar həlledici xarakter kəsb etmir.

Belə donmuş vəziyyətdə isə hər iki tərəf ictimaiyyətə qələbə modelini təqdim etməyi qarşılarına məqsəd qoyub”.

Ekspertin sözlərinə görə, mövcud durumda Rusiya alternativ cəbhələri hədələməklə Qərbin Ukraynaya dəstəyindəki əsas prioritetlərə zərbə vurmağı düşünür:

“Amma buna nail olmaq Kreml üçün çətin olacaq. ABŞ Rusiya ilə ortaq dil tapmağa çalışsa da, onun Avropadakı maraqları Moskva ilə rəqabəti daha da stimullaşdırır. Belə olan halda Vaşinqton da öz növbəsində Rusiya ilə bağlı alternativ ideyaları nəzərdən keçirə bilər. Rusiya məhz Vaşinqtonu çəkindirmək üçün başqa yerlərə, xüsusən də NATO üzvü olan ölkələrə hücumla bağlı müəyyən hekayələr təqdim edir. Ona görə də müxtəlif beynəlxalq qurumlara müraciət edərək, özünün iddialarına hüquqi əsaslar yaratmağa çalışır”.

Siyasi şərhçi qeyd edir ki, ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında haçansa olacaq növbəti görüşə qədər tərəflər maksimum qazanc əldə etməyə çalışırlar:

“Rusiya isə bu maksimum qazancı başqa ölkələri təhdid etməklə əldə etmək istəyir ki, danışıqlarda əlverişli mövqedə olsun”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar