Macarıstan Avropa Birliyinin (AB) Ermənistana verdiyi 20 milyon avroluq (23,8 milyon dollar) hərbi yardımı təsdiqləyib.
Bakupost.az-ın məlumatına görə, AB-nin xarici siyasət rəhbəri Kaja Kallas bu təklifi bir il əvvəl irəli sürmüşdü və qüvvəyə minməsi üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunurdu. Macarıstan bu təklifə qarşı Azərbaycana da eyni miqdarda yardım ayrılması tələbi ilə çıxış etmişdi.
AB əvvəllər, 2024-cü ilin iyulunda, Ermənistana ilk 10 milyon avro dəyərində hərbi yardım ayırmışdı. Bu vəsait hərbi hospital və bölük tipli hərbi bölmələrə əlavə infrastruktur yaratmaq üçün istifadə olunmuşdu. Yeni vəsait də oxşar məqsədlər üçün nəzərdə tutulub.
Budapeşt dünən Brüsseldə keçirilən AB Şurasının iclasında vetosunu geri götürüb. Amma Macarıstanın Azərbaycanla bağlı tələbənin taleyi məlum deyil.
Macarıstan bəzi AB ölkələrindən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tərəfində olmuşdu. Bundan başqa rəsmi Budapeşt 2023-cü ilin sentyabrında AB üzvlərinin Azərbaycan hərbi əməliyyatlarını qınayan bəyanatına veto qoymuşdu.
Ramin Səfərovun Azərbaycana qaytarılmasından sonra 2012-ci ildə Ermənistan Macarıstanla diplomatik münasibətləri dondurmuşdu. Paşinyan hökuməti 2022-ci ildə əlaqələri bərpa edib.
Cavid, BakuPost