Ru
10:18 / 20 Noyabr 2026

Media orqanlarına pul ayrılmasının qaydası dəyişdi – Saytlar necə qiymətləndiriləcək?

Media orqanlarına pul ayrılmasının qaydası dəyişdi  – Saytlar necə qiymətləndiriləcək?
Eye

Azərbaycanda media subyektləri və jurnalistlər üçün keçirilən müsabiqələrin qaydalarına mühüm dəyişikliklər edilib. Bundan sonra onlayn medianın qiymətləndirilməsində saytların oxunma göstəriciləri və sosial şəbəkələrdəki aktivliyi də əsas meyarlardan olacaq.

"Bakupost" xəbər verir ki, bu barədə Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli APA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, onlayn media subyektlərinin yekun qiymətləndirilməsi üç əsas göstərici üzrə aparılacaq:

* Ekspert qiymətləndirməsi – 50 faiz;
* Veb-saytın səhifə baxışları (pageviews) – 25 faiz;
* Sosial şəbəkə göstəriciləri – 25 faiz.

Sosial şəbəkələrdə aktivlik ayrıca qiymətləndiriləcək

Yeni qaydalara görə, media subyektlərinin fəaliyyəti “Facebook”, “Instagram”, “TikTok”, “YouTube”, “Telegram” və “X” platformaları üzrə qiymətləndiriləcək.

Bu zaman izləyici sayı ümumi sosial şəbəkə balının 30 faizini, istifadəçilərin qarşılıqlı əlaqəsi 50 faizini, hər paylaşım üzrə orta qarşılıqlı əlaqə əmsalı isə 20 faizini təşkil edəcək.

Natiq Məmmədli vurğulayıb ki, yeni yanaşmada əsas prioritet yenə də jurnalist materiallarının keyfiyyəti və ictimai əhəmiyyətidir.

Saxta baxış və izləyici artıran saytlar maliyyə yardımından məhrum ediləcək

Yeni qaydalarda ən diqqətçəkən məqamlardan biri saytların və sosial şəbəkə hesablarının göstəricilərinin süni şəkildə artırılmasına qarşı nəzərdə tutulan tədbirlərdir.

Belə ki, proqram təminatı və digər vasitələrlə səhifə baxışlarının, sayt ziyarətlərinin, izləyici və qarşılıqlı əlaqə sayının süni artırılması aşkarlandıqda həmin göstəricilər qiymətləndirmədə nəzərə alınmayacaq.

Maliyyə yardımı alan media subyektində belə hal müəyyən edilərsə, həmin ay üçün ödəniş dayandırılacaq və xəbərdarlıq ediləcək.

Qayda pozuntusu ikinci dəfə təkrarlandıqda isə müqaviləyə xitam veriləcək. Həmin media subyekti növbəti yarım il üçün elan olunan müsabiqədə iştirak hüququnu da itirəcək.

Saytların texniki vəziyyəti də yoxlanılacaq

Müsabiqələrdə media subyektlərinin saytlarının dizaynı, istifadə rahatlığı, xəbərlərin əlçatanlığı, mobil cihazlara uyğunluğu, yüklənmə sürəti və informasiya təhlükəsizliyi də qiymətləndiriləcək.

Bununla yanaşı, saytların axtarış imkanları, keçidlərin işləkliyi və texniki dayanıqlılığı nəzərə alınacaq.

Jurnalistlərin şəxsi sosial şəbəkə hesabları da qiymətləndirməyə daxil edilir

Fərdi jurnalist müsabiqələrində də yeni qaydalar tətbiq olunacaq.

Bundan sonra jurnalistlərin müsabiqəyə təqdim etdikləri materialların şəxsi sosial şəbəkə hesablarında yayılması və auditoriyanın həmin paylaşımlara münasibəti də nəzərə alınacaq.

Qiymətləndirmə zamanı paylaşımların topladığı bəyənmə, şərh, təkrar paylaşım və saxlanma sayı əsas göstəricilərdən biri olacaq.

Natiq Məmmədli bildirib ki, dəyişikliklərin məqsədi media subyektlərinin real auditoriyasını genişləndirmək, rəqəmsal mühitdə fəaliyyətini gücləndirmək və sağlam rəqabəti təmin etməkdir.

Onun sözlərinə görə, yeni model Azərbaycan mediasının beynəlxalq rəqəmsal standartlara uyğunlaşmasına da xidmət edəcək.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar