Orta məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi və repetitorluğa ehtiyacın azaldılması məqsədilə dövlət məktəblərinin ödənişli olması və repetitorluğun ləğvi ilə bağlı təkliflər zaman-zaman gündəmə gəlir.
Bəs belə bir sistem tətbiq edilərsə, bunun təhsil sahəsinə hansı təsirləri ola bilər?
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan təhsil eksperti Ramin Nurəliyev dövlət məktəblərinin ödənişli olması mümkün variant kimi nəzərdən keçirilə bilməz deyib.
“Çünki təhsil icbaridir. İcbari təhsil heç vaxt ödənişli ola bilməz. Dünyada bunun təcrübəsi də yoxdur. Dövlət məktəbləri tam ödənişsiz fəaliyyət göstərməlidir”.
Ekspert repetitorluğun ləğvinin də hazırkı təhsil sistemi üçün ciddi problemlər yarada biləcəyini düşünür. R.Nurəliyev hesab edir ki, hazırda repetitorlar təhsil sistemində mühüm rol oynayır:
“Repetitorluğun ləğvi məsələsinə gəlincə, bu gün bizim təhsilimizdə repetitorluğu ləğv etsək, təhsilimiz batar. Hazırda təhsil sistemimizi ayaqda saxlayan repetitorlardır. Hətta onların fəaliyyətini genişləndirmək lazımdır.
Bu gün ölkədə özəl liseylər də var. İllik təhsil haqqı 10-15 min manat olan liseylərdə belə şagirdlərin bir qismi repetitor yanına gedir. Valideyn həm məktəbə yüksək məbləğ ödəyir, həm də əlavə olaraq 100-150 manat verərək repetitor yanına göndərir. Çünki repetitorun şagirdə verdiyini nə özəl lisey, nə də digər təhsil müəssisəsi tam şəkildə verə bilir”.
Ramin Nurəliyev bunun əsas səbəblərindən birinin repetitorların ali məktəblərə qəbul prosesinin xüsusiyyətlərini daha yaxşı bilməsi olduğunu vurğulayıb:
“Repetitorlar artıq qəbulun sirlərini , sualların hansı aspektdən hazırlandığını və hansı istiqamətlərə diqqət yetirilməli olduğunu bilirlər. Şagird də bunları öyrəndikdə müəyyən nəticə əldə edə bilir. Yüksək nəticə göstərən şagird digər şagirdlərin də diqqətini cəlb edir və onların da repetitor xidmətinə müraciət etməsinə səbəb olur”.
Ekspert təmayül siniflərlə bağlı tətbiq olunan layihələrin də gözlənilən nəticəni vermədiyini qeyd edib. Onun fikrincə, məktəbdə hazırlıq və qəbul istiqamətində xüsusi mexanizm qurularkən həmin sahənin xüsusiyyətlərini bilən müəllimlər prosesə cəlb edilməlidir:
“Hazırda təmayül siniflərə üstünlük verən layihə özünü doğrultmadı. Ortada ciddi nəticə yoxdur. Orada oxuyanların böyük qismi də yenə repetitor yanına gedəcək.
Sistem formalaşdırılarkən həmin istiqamətdə təcrübəsi olan repetitor müəllimlər də prosesə cəlb edilməlidir ki, bu işin öhdəsindən gələ bilsinlər. Məktəbdə eyni dərsi keçən müəllimi və ya universitetdən hazırlıq prosesi barədə məlumatı olmayan şəxsi həmin işin başına qoyduqda sistemin uğurlu nəticə verməsi çətin olacaq. Nəticədə orada təhsil alanların böyük qismi yenə repetitor yanına üz tutacaq”.