Ru
15:43 / 28 Aprel 2022

Məktəblərdə könüllü ianə modeli tətbiq olunacaq - Ekspertdən açıqlama

3229

Təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən məktəblərdə könüllü ianə modelinin tətbiq olunacağını bildirib.



Nazirin sözlərinə görə, yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır:



“Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.


Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.


Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, dünya praktikasında valideynlə məktəb arasında əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sırf qanunvericilik əsasında tənzimlənir. Əsasən də məktəb şuralarının mövcud olduğu ölkələrdə bu əlaqələr daha məqsədə müvafiq şəkildə qurulub. Məktəb şurası nədir? Məktəb şurası tərəfindən valideynlərin, müəllimlərin, yuxarı sinif şagirdlərinin, məktəbin işçilərinin, təhsil müəssisəsinin yerləşdiyi ərazinin icma nümayənd­ələrinin , bələdiyyənin, yerli icra haki­miyyəti orqanlarının, o cümlədən də təhsili idarəetmə orqanlarının iştirakı ilə hər iki, üç ildən bir məktəblərdə fəaliyyət göstərən İdarəetmə Şurası seçilir. Həmin şura ictimai əsaslarla iki istiqamət, məktəbin maliyyə təsərrüfat işinin qurulması, idarə edilməsində məktəb rəhbərliyində yardım edilməsi və dövlət ictimai idarəetmənin həyata keçirilməsi üzrə fəaliyyətini davam etdirir:





“Dünyanın bütün aparıcı ölkələrində Təhsil Nazirliyi ölkə təhsilində yalnız metodik xidməti həyata keçirir. Kadr məsələlərinə nazirlik qarışmır. Müəllim və ya direktorların işə qəbulu imtahanından müvəffəqiyyətlə keçən şəxs öncə çalış­acağı məktəbin ərazisindəki yerli icra hakimiyyəti orqanları­nın təhsil departamentinə müraciət edir. Departament isə İdarəetmə Şurasına təqdimat yazır. Şura həmin şəxsin müvafiq məktəbdə çalışmasını uyğun bilirsə razılığını verir. Bu İdarəetmə Şurasının dövlət ictimai idarəetmədə formasında iştirakıdır. Maliyyə təsərrüfat sahəsində köməyi nədən ibarətdir. Məktəbdə keçirilən müxtəlif səpkili tədbirlərə məktəbin yerləşdiyi ərazidə fəaliyyət göstərən iş adamları, valideynlərə biletlər satılır. Xeyriyyə tədbirləri təşkil olunur, ianələr köçürülür. Şura bu səpkili tədbirlərdən toplanan vəsaiti məktəb üçün lazım olam avadanlıq və s. alınmasına sərf edir”.


Ekspert deyir ki, Azərbaycanda valideynlərin hər hansı bir halda məktəblərə könüllü şəkildə maddi kömək göstərməsi, ianə verməsi üçün ilk növbədə təhsil müəssisələrinin bank hesabı olmalıdır:


“Bilirsiniz ki, ölkədə nağdsız hesablaşmalar haqqında qanun mövcuddur. İstənilən ödəmələr, köçürmələr nağdsız şəkildə olmalıdır. “Təhsil haqqında” qanunun 14-cü maddəsində göstərilir ki, təhsil müəssisələri hüquqi şəxsdir, onların bank hesabları, rekvizitləri olmalıdır. Bizim ümumtəhsil məktəblərimizin heç birinin, internat tipli müəssisələr çıxmaq şərti ilə bank hesabları yoxdur. Hal-hazırda regional Təhsil İdarələrinin yaradılması ilə başlayan təhsil islahatlarının növbəti mərhələsində təhsil müəssisələrinin publik hüquqi şəxs olması ilə bağlı fikirlər səsləndirilir. Yaxın illərdə bunun reallaşması mümkündür. Hal-hazırda valideynlərin məktəblərə könüllü ianələr verməsi üçün uyğun mexanizm yoxdur. Bunun üçün ilk növbədə məktəblərin publik hüquqi şəxs olması mütləqdir.

Məktəblərin bank hesabları yaradılmalıdır. Məktəblərə ianə və könüllü yardımlar nağdsız şəkildə həyata keçirilməlidir. Ən başlıcası isə mühit formalaşmalıdır. Bu gün valideynlərin çoxunun məktəbə inamı, etibarı yoxdur. Ölkənin təhsil büdcəsi 3 milyard yarım təşkil edir. Təxminən ondanda artıq valideyn repetitora, kursa pul xərcləyir. Əgər dövlət standartlarına uyğun ümumtəhsil məktəblərində dərslər normal şəkildə keçirilsə, valideynlər hər aylıq büdcəsindən 150-250 manat repetitora pul xərcləməyə məcbur olmasa, bu zaman təbii ki, onlar məktəbə könüllü şəkildə ianələr edərlər. Bu gün valideyn və məktəb arasında böyük bir uçurum yaranıb.
İlk öncə bunu aradan qaldırmaq lazımdır. Fikrimcə, hazırki vəziyyətdə ilk növbədə məktəblərdə təhsilin keyfiyyəti artırılmalıdır. Məktəbə inamı, etimadı artırmaq lazımdır. Məktəbə inam, etimad artdıqdan sonra təbii ki, qanunvericilik çərçivəsində valideynlərin məktəbə hər hansı ianə və könüllü yardım etməsi reallaşa bilər. Ancaq nə qədər ki, təhsil müəssisələrində təhsilin səviyyəsi aşağıdır, şagirdlərə lazımi səviyyədə təhsil verilmir, valideyn hər ay ailə büdcəsindən kəsib əlavə olaraq repetitora, kursa pul verir bu səbəbdən də onların könüllü şəkildə təhsil müəssisələrinə ianə, könüllü yardımlar verməsi real görünmür”.


Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər