“ATƏT-in Minsk qrupu və onunla əlaqəli strukturların bağlanması prosesinin məhz 1 dekabrda başa çatması diqqət çəkir”.
Bakupost.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı bildirib.
O qeyd edib ki, Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərarı 1 dekabr 1989-cu il tarixində qəbul edilib:
“Sonra baş verənlər məlumdur: Qarabağ və ətraf rayonlar işğal edildi, münaqişənin həlli məqsədilə yaradılan Minsk qrupu isə Azərbaycan torpaqlarında işğala əsaslanan status-kvonu saxlamaq missiyasını həyata keçirirdi.
2020-ci ildə ərazi bütövlüyümüz, 2023-cü ildə suverenliyimiz bərpa edilsə də, Minsk qrupunun de-yure mövcudluğu Qarabağ məsələsinin beynəlxalq müstəvidə açıq qalması demək idi”.
A.Nərimanlı vurğulayıb ki, Ermənistanda revanşistlər, diaspor və regionda maraqlı tərəflər həməsədrlik institunun qalmasında iki perspektiv görürdülər:
“- ermənilərin Qarabağa “qayıtmaq” adı ilə yenidən köçürülməsi;
- regionda şərtlərin dəyişə biləcəyi gələcəkdə münaqişəni yenidən aktuallaşdırmaq;
Minsk qrupunun de-yure ləğv edilməsi Qarabağ məsələsinin beynəlxalq müstəvidə tamamilə bağlanması və gələcək təxribat imkanlarının da sıradan çıxması deməkdir. Və bunun – 1989-cu ilin 1 dekabr tarixində başlanan prosesin 36 il sonra 1 dekabrda məğlub edilməsi həm də simvolikdir”.
Lalə, BakuPost