9 May paradından sonra Ukrayna məsələsində Kreml rəhbərliyinin yumşaldığı hiss olunur.
Belə ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə kənar üçüncü ölkələrdə danışıqlara getməyə hazır olduğunu bəyan edib. Halbuki, buna qədər Putin Zelenskini danışıq üçün ancaq Moskvaya dəvət edirdi. Eyni zamanda, Putinin Ukrayna liderinə münasibətdə danışıq ritorikası da dəyişib. Dünənə qədər Zelenskini “faşist”, “narkoman” adlandıran Rusiya lideri artıq Ukrayna Prezidentinə “cənab” deyə müraciət etməyə başlayıb. Bütün bunlar Kreml rəhbərinin yumşaldığını göstərir.
Putinin dəyişməsini beynəlxalq hərbi ekspertlər müxtəlif istiqamətlərə yozurlar. Bəziləri hesab edir ki, bu Ukraynanın hava hücumunda əldə etdiyi üstünlüklə bağlıdır. Belə ki, son dövrlər Ukrayna tərəfi dronlarla Rusiyanın dərinliklərindəki bazaları dağıdır. Habelə Rusiyanın xeyli sayda canlı qüvvəsi də “bir dron” bir əsgər” prinsipilə yox edilir. Belə vəziyyətdə Rusiya ordusunda itkilərin sayının daha sürətlə artacağı istisna edilmir. Bildirilir ki, məhz bu vəziyyət Putini yumşalmağa vadar edib.
Digər ekspertlər isə düşünür ki, Putin danışıqlar görüntüsü yaratmaqla vaxt qazanmağa, hərbi arsenalını gücləndirməyə, hava məkanında üstünlük əldə etməyə çalışır.
Hərbi ekspert İbrahim Rüstəmli
Bakupost.az-a bildirib ki, müharibənin gedişi Rusiya Prezidenti Vladimir Putinin informasiya təhlükəsizliyi cəbhəsində yetərincə düzgün müdafiə olummadığını göstərdi:
“Ukrayna müharibəsi Rusiyanı elə bir faciəyə, bataqlığa salıb ki, nəticədə Putinin özü də çıxılmaz duruma düşüb. 3 günə müharibəni bitiricəklərini bildirmişdilər, amma artıq beşinci ildir ki, müharibə davam edir. Burada əsas rolu Ukrayna siyasi rəhbərliyi oynadı, onlar xalqın birliyinə nail ola bildilər. Rusiya-Ukrayna münasibətlərinin tarixi kökləri də bəzi məqamları xatırladır. Sovet dönəmində də ukraynalılar Rusiyaya işğalçı nöqteyi-nəzərdən yanaşırdılar. Bütün baş verənlər fonunda Putin də başa düşdü ki, Ukraynanı ram edə bilməyəcək”.
Ekspertin sözlərinə görə, məhz Ukrayna xalqının müqaviməti Putinin iradəsini sındırdı:
“Dünənə qədər Zelenskiyə “narkoman” deyən Putin artıq ona “cənab” deyə müraciət etməyə başlayıb. Deməli, Kremlin davranışlarında da müəyyən kordinal dəyişikliklər baş verir. Artıq Rusiyada adi vətəndaşların müharibə ilə bağlı fikirlərində də ciddi haçalanmalar yaranıb”.
Həmsöhbətimiz qeyd edir ki, mövcud vəziyyətin yaranmasında Ukraynanın son illər kifayət qədər böyük döyüş təcrübəsi əldə etməsinin də mühüm rolu olub:
“Onlar döyüşün əsas prioritetlərinin müəyyənləşməsində ciddi, intelektual uğurlara imza atıblar. Ukrayna deyərdim ki, PUA sahəsində dünya liderinə çevrilib. Nəticədə Rusiya canlı qüvvə sarıdan daha çox itkilərə məruz qalır. Kiyevin bu uğurları sözsüz ki, Rusiya rəhbərliyini qorxudur”.
Bütün bunların nəticəsi kimi hərbi ekspert düşünür ki, Rusiya getdikcə daha da yumşalacaq:
“Ukrayna xalqının artıq Rusiya ilə mənəvi birliyi, mənəvi bağlılığı yoxdur. Ona görə də Rusiya müharibəyə son qoymaqla bağlı daha adekvat addımlar atmalıdır. Moskvanın bundan başqa yolu yoxdur”.
Rüfət Sultan, BakuPost