Braziliyanın Rio-de-Janeyro ştatında təhlükəsizlik qüvvələrinin keçirdiyi genişmiqyaslı narkotik əməliyyatı zamanı ölənlərin sayı 132-yə yüksəlib.
Bakupost.az yerli mətbuata istinadən xəbər verir ki, əməliyyat oktyabrın 28-də ştatın şimalında yerləşən “favela” (yoxsul məhəllə) adlanan Penha və Alemao ərazilərində ölkənin ən iri cinayətkar qruplaşmalarından biri olan “Qırmızı komanda”ya (“Comando Vermelho”) qarşı həyata keçirilib.
Silahlı qarşıdurma nəticəsində ölənlərdən 4-ü polis olub. 72 nəfərin cəsədini Sao Lukas meydanında toplayan sakinlər meyitlərin daşınması və şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hökumət orqanlarına müraciət edib.
Rio-de-Janeyro ştatının qubernatoru Klaudio Kastru əməliyyatı “tarixi” adlandıraraq təhlükəsizlik qüvvələrini təbrik edib. Onun sözlərinə görə, əməliyyatın məqsədi “Comando Vermelho” qruplaşmasının bölgədəki fəaliyyətinin qarşısını almaq olub. Braziliya mətbuatı əməliyyatı Cənubi Amerika tarixində “ən ölümcül polis əməliyyatı” kimi dəyərləndirib.
Əməliyyat nəticəsində aralarında qruplaşmanın liderlərindən – “Belao do Quitungo” ləqəbli Tiaqo du Nasimento Mendisin də olduğu 80 nəfər saxlanılıb. Təhlükəsizlik qüvvələri xeyli sayda avtomat silah və dron ələ keçirib.
Təxminən 2500 polisin iştirak etdiyi “Basqın əməliyyatı”nda (Operaçao Contençao) zirehli texnika və helikopterlərdən istifadə olunub.
Cavid, BakuPost