Ru
12:37 / 13 Dekabr 2019

Natiq Cəfərli 17-ci seçki dairəsi barədə: “İlqar bəy özü oradan namizəd olacaqdı”

3773
REAL Partiyasının icra katibi Natiq Cəfərli keçmiş silahdaşı Azər Qasımlının eyni dairədən namizəd olmasına münasibət bildirib.

BakuPost məlumat verir ki, Natiq Cəfərli bu barədə özünün “Facebook” səhifəsində yazıb.


O bildirib ki, 17-ci Yasamal dairəsində Real Cumhuriyyətçilər İttifaqının namizədinin Cavad Cavadov olması haqda qərarı dekabrın 6-da veriblər: “Vasif İsmayıl, Fərhad Mehdiyev və Cavad Cavadovla keçirdiyimiz görüşdə kimin hardan namizəd olacağını müzakirə edirdik və bu qərara gəldik. Həm Vasif bəy, həm də Fərhad Hocam bunu təsdiqləyə bilər.

Siyahımızın tədricən açıqlanması haqda da qərar verdik. Dedik ki, ilk təqdimatda Vasif İsmayıl və Elçin Haqverdiyev olacaq, sonra hər gün yeni təqdimatlar olacaq.

Toplantıda İlqar Məmmədov ayrıca vurğuladı ki, 23-cü dairədən bizdən kimsə namizəd olub Azər Qasımlıya mane olmayacaq. O görüşdə Erkin Qədirli də iştirak edirdi, amma Erkin bir az tez getdi, görüşü var idi. Cavad Cavadov "17-ci dairə" deyəndə İlqar Məmmədov özü ordan namizədliyini irəli sürmək fikrində olsa da (o dairədə yaşayır), geri çəkilib onu dəstəklədi.

Razılaşdığımız kimi, dekabrın 11-də ittifaqımızın ilk ictimai təqdimatı oldu. Dekabrın 12-də isə Cavad Cavadovu təqdim etdik. Yəni 1 həftə əvvəl gəldiyimiz razılığı gerçəkləşdirdik”.

Natiq Cəfərli həmçinin qeyd edib ki, REAL-ın qərarvermə prosesindən Azər Qasımlı özü özünü kənarda qoyub, yəni ona partiyadan heç kim çıxartmayıb, özü gedib:

Qalardı, qərarları birgə verərdik və bu cür rabitəsizlik olmazdı. Xüsusilə də, dediyim kimi, ona mane olmaq niyyətimiz heç olmayıb, hətta əksinə - özümüz ona keçmiş münasibətlər xatirinə yardım göstərməyi düşünürdük. 23-cü dairədə ona imzatoplamada kömək edəcək üzvlərimiz də var, onlarla da danışmışdıq və İlqar bəy dairələri açıqlayanda 23-cü dairə siyahıda yox idi.

Biz ciddi siyasi mübarizədəyik, bəzi insanlar (məsələni bilmədən sosial şəbəkələrdə rəy yazanlar da) isə həvəslə qərəzi bir-birinə qarışdırırlar - bu təəssüf doğurur. Daha bir məsələ odur ki, 17- ci dairədən 3 əla namizəd olsa, (hörmət etdiyim Bəxtiyar bəy də o dairədən namizəd olmaq istəyir) bütün dairəni seçkiyə kökləməyə imkan artacaq, ən azından o dairəni hakimiyyətin əlindən qoparmağa böyük şans yaranacaq. Məsələyə bu pəncərədən də baxmaq olar. Əsas odur ki, seçki abu-havasını məmləkətə gətirməyə nail olduq. Bu isə artıq kiçik və ilkin qələbədir”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər