Ru
17:35 / 30 May 2019

“Tanınmağıma görə özümü televiziyaya borclu hesab etmirəm” - MÜSAHİBƏ Nəsimi Nəbizadə:

33316

Tanınmış teleaparıcı Nəsimi Nəbizadə BakuPost.az saytına müsahibə verib. O, şəxsi həyatından, ailəsindən, karyerasından danışıb. Teleaparıcı əsas arzusunu da açıqlayıb. Müsahibəni təqdim edirik: 


-  Son vaxtlar sosial şəbəkələrdən görürük ki, tez-tez bölgələrə səyahət edirsiniz. Bu həm də özünüzdən qaçmaq deyil?

- Sən belə düşünürsən? Xeyr, əziz dost, tam əksinə. Səyahət çox yaxşı hobbidir. Özündən qaçmaq yox, özünü kəşf etməkdir səyahət. Bəli, görmədiyin yerləri gəzib, yeni insanlarla tanış olmaq, həm də özünü yenidən tapmaqdır, tanımaqdır. Ünsiyyət sənin özünün necə biri olduğunu sənə təsdiq edən, səndəki əsl "səni" üzə çıxaran ən uğurlu vasitədir. Mən monoton həyat tərzindən həmişə qaçmışam. Yeniliklər isə hər zaman maraqlıdır. Elşad, həmişə düşünmüşəm ki, insan gözü ilə ürəyini dost etməlidir. Göz gözəlliklər gördükcə, ürək də gözəl olur, göz işlədikcə ürək də geniş olur. Gözünə və ürəyinə "korluq" verməyənlər bilir bunu. 

 

- Hələ bir neçə il əvvəl müsahibənizdə demişiniz ki, mütləq valideyn olacam. Axı, illər keçir, ömür gedir...

- Elə danışırsan ki, elə bil, ömrü mənə sən vermisən. Düzü, mən xanımların nigaran olduğunu düşünmüşəm hər zaman. Gəl, belə danışaq, mən bu suala başqa cür cavab verim və bəri başdan deyim ki, bir yerə qədər söyləyəcəklərimin şəxsimə heç bir aidiyyəti yoxdur. Ailə qurmaq ən ciddi işdir. Mənim mənsub olduğum nəsil - belə deyək, tay-tuşlarım, nələr görmədik? Son 25-30 ili götürək, nələrin şahidi olmadıq? Hər şeyi qırağa qoyuram, bəsit səslənə bilər, amma olsun. Mənim yadıma gəlir, biz uşaq olanda deyirdilər ki, vaxt gələcək, insanlar telefonla danışanda bir-birini görəcəklər. Oldu da. Texnologiyanın inkişafını da qırağa qoyaq. Birdən oxucular düşünər ki, Nəsimi telefondan, sosial şəbəkədən kənarda xanım axtarır. Yox, dedim axı, dediklərimin bir yerə qədər mənə aidiyyəti yoxdur. Xatırla, baba ilə nəvəsi, nəticəsi artıq öz doğma dillərində danışıb anlaşa bilmir. Mənim rastıma çıxıb. Yaşlı baba nəvəsinin, nəticəsinin nə dediyini anlamır. Eşitməmiş olmazsan, bəziləri deyir, insanlar dəyişib, bəzisi də deyir, zəmanədəndir. A kişi, vallah, ikisi də dəyişib e, hətta dəyişməkdə yarışırlar. Dünya gözümüzün qabağında dəyişir. Ən yaxşısı, bu evlənmək məsələsində "köhnələr" "yenilərin" işinə qarışmasın. Hə, indi gəldik çatdıq o marağında olduğun, məsələnin mənə aid olan yerinə. Bəli, sənin sualında vurğuladığın kimi - demişəm o sözü. Amma bəzən də düşünürəm ki, mən "əlahəzrət vaxt"ı uduzmuşam. Artıq yaş 45-di. 50-55 yaşında 1-ci sinfə əlindən tutub uşaq aparmağımı təsəvvürümə gətirə bilmirəm. Amma bir məşhur deyim də var: "Heç vaxt heç vaxt" demə. Hər şey ola bilər. Sevmək də, ailə qurmaq xətrinə evlənmək də, oğul-uşaq sahibi olmaq da.

 

- Uzaqdan çox sərt insan kimi görünürsünüz, həqiqətdə də belədir?

- Bilirsən, efir adamı hamıya eyni cür təqdim etmir. Efir hətta insanın ölçülərini, görkəmini olduğu kimi göstərmir. Mən ömrümün 25 ilə yaxın dövrünü televiziyaya vermişəm. Yeri gəlmişkən, burda bir haşiyə çıxım və deyim ki, indi deyəcəyimi heç bir müsahibəmdə söyləməmişəm. Ola bilər, kimsə məni nankorluqda, kimsə özündənrazılıqda ittiham etsin. Ancaq mən tanınmış biri olduğuma görə heç vaxt özümü televiziyaya borclu hesab etməmişəm. Mən buna qarşılıq televiziyaya öz borcumu vermişəm. İşimi vicdanla və ürəkdən yerinə yetirmişəm. Əgər TV məni tanıtdırıbsa, mən də işlədiyim qurumlarda, hətta peşəmdən kənar, lakin ümumi işin xətrinə əlimdən gələni etmişəm. Tələbələrim olub, həvəsi, marağı olanları seçib, təmənnasız bildiklərimi məmnuniyyətlə öyrətmişəm. Bunları deməkdə, niyyətim başqa deyil, sadəcə sözlərimə görə məni qınaya biləcək hörmətli tamaşaçılara özümü anlatmaqdır. Üstəlik, sözlərimi təsdiq edəcək yüzlərlə həmkarım var. Nə isə. Çox uzatdım deyəsən. Suala qayıdaq. Belə deyim, nəinki mən, normalda insan vəziyyətə görə dəyişməlidi. Yas yerində gülmək olar? Yox. Toyda mərsiyə demək olar? Yox. Ciddiyyət də, zarafat da, ürəyiyumşaqlıq da, sərtlik də, təkəbbür də, təvazökarlıq da insana məxsusdur. Həmişə eyni cür olmaq mümkün deyil axı. Məkan və ətraf - necə düzgündürsə və yaxud rahatdırsa, elə də oluram.

 

- Nə vaxtsa demisiniz ki, ömrüm boyu bir qadın üçün ağlamışam, o da anamdır. Ümumiyyətlə, qadın sizin üçün kimdir? 

- Ana... Cəfər Cabbarlı yaradıb bu obrazı. Ata-anası sağ olan dostlara həmişə deyirəm, incitməyin valideynlərinizi. Adamın ürəyi göynəyir sonra. Əsas da ananızı incitməyin. Hər gün yatanda anamın çöhrəsini gözümün önünə gətirirəm, eləcə də yatıram. Bundan artıq heç nə demək istəmirəm. Sualın ikinci hissəsinə gəlincə, qadınlar haqqında o qədər möhtəşəm fikirlər səsləndirilib ki. Deyəsən, filosof  Henry Lloyd deyib bu fikri, mənim də ən çox xoşuma gələni budur: "Məsələ burasındadır ki, qadınsız da olmur, qadınla da”.  

 

- "Yalançı qadınları çox görmüşəm” - cümləsi sizə aiddir. Bəlkə elə buna görə təksiniz?

- Ay qardaş, tək zad deyiləm, əl çək də. Həm də mən deməmişəm ki, iraq olsun, bütün qadınlar yalançıdır. Mənim qarşıma yalançılar çıxıb, o da cavanlıqda. Sonra aldada bilmədilər daha. Bayaq Lloyddan sitat gətirdim, bu məqamda qoy birini özüm deyim, qadın mövzusunu bağlayaq. Gənc dost, bil və agah ol ki, kişilər aldadana qədər, qadınlar isə aldanandan sonra yalan danışmağa başlayır.

 

- Həmişə özünüzü şair kimi, yazıçı kimi aparmısınız, sanki üstünüzdə bir ölkənin məsuliyyət yükü var. 

- Bir dəfə Salam Sarvan məclislərin birində dedi ki, mən yazmağı çox yaxşı bacarıb yazmayan iki nəfər gördüm, biri Nəsimidi. Amma mən heç vaxt özümü yazar kimi aparmamışam, yazar dostlar çoxdu. Kənardan həqiqətən elə görünürəm? Bəlkə adım şair adıdı, ondandı. Qaldı məsuliyyətə, deməzdim ki, dəhşət məsuliyyətli adamam. Bir də ki, ay Elşad, məsuliyyət sözü elə-belə söz deyil e, çox ağır sözdü. Yalandan məsuliyyətli görünmək, özünü o cür sırımaq alınmır. Məsuliyyət yalnız işlə, ailə ilə, dost-yoldaş münasibəti ilə bitmir, ədəb-ərkan, vicdan işidir. Vicdanı, əxlaqı olmayan birisi heç vaxt məsuliyyətli ola bilməz. Olsa-olsa "qırdı-qaçdı" olar.

 

Səmavi kitablarda belə bir kəlam var: "Bəşər yer üzünün əşrəfidir”. Quranda isə insanın faili-muxtar yaradıldığı deyilir, yəni digər canlılardan fərqli olaraq, insana şüur verilib. Zənnimcə, istənilən insanda hansısa xüsusi qabiliyyət var. Mən bu vaxta qədər kimsəni özümdən aşağı qiymətləndirməmişəm. Və hər dəfə də birisini tanıyanda düzgün fikirləşdiyimin təsdiqini tapmışam. Əlləri olmayan bir insanın ayaq barmaqları ilə çəkdiyi rəsmləri mən heç on əlim olsa da çəkə bilmərəm. Əgər söhbət mənim hansısa yaradıcı tərəfimdən gedirsə, peşəmi bu istiqamətdə digər sahələrdən geridə dəyərləndirmirəm. Şeir filan yazmağı nəzərdə tutursansa, siz yazırsız da, bəsdi. 

 

- Mənə elə gəlir ki, siz çox ürəyiyumşaq adamsız, yanınızda bir uşaq ağlasa, siz də ona qoşularsız və ya sizə qarşı səhv edən insan gəlib yalvarıb-yaxarsa, ürəyiniz yumşalar, bağışlayarsınız...

- Ürəyiyumşaqlıq deyəndə ki, bayaq dedim, həmin andan, vəziyyətdən çox şey asılıdır. Çalışıb ədalətli olmaq lazımdır, vəssalam. Qaldı uşaq ağlamağına, uşaq yalandan inad edib ağlayacaqsa, yox. Ümumiyyətlə isə qoy heç bir uşaq ağlamasın. Yeri gəlmişkən, mən uşaqları çox sevirəm, əgər evlənsəm, istəyərəm ki, birinci qızım olsun. Hə, yaxşı yadıma düşdü, indi sənə müsahibə verirəm, 2 gün sonra da 1 iyun - Uşaqların Müdafiə Gündür. Bütün balaların yanaqlarından öpürəm.

 

- Karyeranızdan razısınız? "Kaş bu işdə çalışmazdım” dediyiniz olub?

- Bunu dəfələrlə demişəm. Mən televiziyaya təsadüfi gəlmişəm. Sonra məndən müəllimlərim əl çəkmədilər. Yenə bir söz deyəcəm, yekəxana qəbul olunacaq. Amma əmin olmadığım nəyinsə barəsində belə qəti danışmaram heç vaxt. Özümdə istedad hiss edən biriyəm, hər zaman belə olub. 100 faiz deyirəm ki, hansı peşənin sahibi olsaydım da, elə o sənətdə də ən azı "Nəsimi Nəbizadə" olacaqdım 

 

- Futbol olmasa nə olar?

- Azarkeş olduğumu bilirsən. Dostların əksəriyyəti də azarkeşdir. Hərdən bir yerdə oyunlara baxmağa gedirik. Ən çox da Türkiyə liqasında keçirilən derbilərə. Bizim facebook-da bir-birinə sataşmalarımız məşhurdur. Ən çox da "Qalatasaray" azarkeşi olan dostlarla olur. Mən "Fənərbaxça" tərəfdarıyam. Ən məşhur sataşmam da "Qalatasaray" formasına "pomidor-yumurta" deməyimdi. Onların rəngləri sarı-qırmızı olduğu üçün bənzətmişəm. Bu il onlar çempion oldu, yeri gəlmişkən, rəqiblərimizi təbrik edirəm. Bakıda futbol bayramıdır, Avroliqanın finalı paytaxtımızda keçirildi. Nə deyək, gün olsun bizim komandalar da bizi sevindirsin. Onu da deyim ki, vaxtı ilə özüm də yaxşı futbol oynamışam. Futbola idmanın şahı deyirlər, futbol olmasa, idmanda boşluq olardı.

 

- Hərdən yaşamaqdan yorulmaq var, hərdən anilik xoşbəxtlik. Sizi xoşbəxt edən nə var?

- Pessimist deyiləm. Xoşbəxtlik isə onsuz da ömür boyu insana yoldaşlıq etmir. Xoşbəxtlik etibarsızdır. Yorulmağa gəlincə, bu da təbiidir. Mən sənin istədiyin cavabı verə bilmərəm, çünki realist insanam. Çətin günlər, yaxşı günlər yaşamışam və yəqin ki, belə anlar təkrar olacaq. Həyatında elə şeylər var, dəyişdirmək sənin öz əlindədir, amma elə şeylər də var ki, necə deyərlər, bu, alın yazısıdır, taledir.

 

- Mənə elə gəldi ki, siz arzusuz, məqsədsiz, pərakəndə yaşayırsız. Əgər belədirsə, niyə belədir? Belə deyilsə, obraz niyə belə formalaşıb? 

- Qapalı biri deyiləm, o cür həyat tərzi sürsəydim, belə düşünməyini normal qarşılayardım. Məqsəd dedikdə, əgər yenə də ailə, uşaq nəzərdə tutursansa, bu barədə danışdıq. İş həyatı ilə əlaqədar sənə belə gəlirsə, karyerist deyiləm, zəhmətimə qiymət ən yüksək səviyyədə verilib, fəxri adım var, mükafatlarım var. Yeri gəlmişkən, dəyərləndirənlər, məni yada salanlar çox sağ olsunlar, minnətdaram. Küçədə tanıyırlar, sevgi ilə görüşürlər, tamaşaçı sevgisi, səmimiyyəti çox gözəldir. Böyükdü arzularım. Bir insanın yalnız özü üçün istədiyi arzulardan deyil.

 

- Nə vaxtsa çarəsiz olmusuz? Belə deyim, əlinizdən heç nə gəlməyib, eləcə susub baxmısınız?

- Olub belə vaxtlar. Məsələn, anam, atam ağır xəstəliklərdən əziyyət çəkəndə çarəsiz-çarəsiz bir-birimizin gözlərinə baxdığımız vaxtlar olub. Dəhşətlidir çarəsizlik.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər