Ru
21:02 / 08 İyun 2021

Nigar Köçərli kitab oğrusu ilə bağlı iddialara cavab verdi - Deputata ağır ittihamlar

2248
Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bugünkü iclasında kitab oğurlamasıyla bağlı gündəmə gələn gəncləri müdafiə edib və həmin mağazanın sahibi Nigar Köçərlinin ünvanına ittihamlar səsləndirib.

Nigar Köçərli isə deputatın ittihamlarına sosial şəbəkə hesabından cavab verib.

Bakupost.az həmin paylaşımı təqdim edir:

“İndiyədək heç birimizə tanış olmayan, təyinatlı deputat Kamal Cəfərov nəhayət özünü ictimaiyyətə tanıtmaq üçün bir vasitə tapdı.

Deyir ki, oğurluq ictimai xətadır, cinayət əməli deyil. İnzibati qaydada çıxarılan tənbeh növü deyil? Kim deyir, o cəzanı biz çıxarmışıq?

Kim deyir, o şəkilləri biz çəkib yaymışıq? Bu çox gülünc və yersiz ittihamlardır.

Təəssüf edirəm ki, oğruya doğru deyən deputat var. Özlərinin səs verdiyi qanunlara hörmətsizliyi təbliğ edir.

Bu sözləri bir hüquqşünasın, həmçinin deputatın deməsi birincisi, həddən artıq savadsızlıqdır. İkincisi, belə düşünmək, bu azmış kimi, Milli Məclisin iclasında korrupsiya, insanların ağır sosial vəziyyətini gündəmə gətirmək əvəzinə oğurluq əməllərinə haqq qazandırmaq ayıbdır və Parlamentin adına böyük ləkədir. Üstəlik, bu şəxs Milli Məclisin Hüquq Siyasəti və Korrupsiyaya ilə mübarizə Komitəsinin üzvüdür.

İndi isə hadisəni izah edim.

Bir həftə əvvəl Fəvvarələr meydanındakı mağazamızda oğurluq baş verib. Hələ oğurlanan malların maddi dəyəri bəlli olmadan, mağazanın qarşısında satıcımız kitab oğurlayanları saxladıqda onlar kobudluq göstərib, işçimizi itələyib, götürdükləri kitabların bir neçəsini atıb, aradan çıxıblar. Onların kobudluğu və qaçması səbəbindən satıcılarımız polisə müraciət ediblər və polis əməkdaşları (çox təşəkkür edirəm) bu məsələni dərhal nəzarətə götürüblər. Aparılmış əməliyyat-axtarış nəticəsində polislər bu insanları saxlayıb məhkəməyə təqdim ediblər. Ötən həftənin 5-ci günü məhkəmə olub, hakim onları yerində azadlığa buraxıb və bununla da məsələ bizim tərəfimizdən qapanıb.

Dünən polis bu haqda öz qaydalarına əsasən mətbuatda məlumat yayıb. Polisin mətbuatla əlaqəsi və hansı xəbəri hansı formada təqdim etməsi tamamilə polisin ixtiyarındadır və deyim ki, inanmıram, bu xəbərdə bu iki nəfəri hədəf alan qərəz, yaxud kin var. DİN saytında hər gün onlarla bu cür xəbər dərc olunur. Bu xəbər də sıradan, günlük məlumatlardan biri kimi yazılıb.

Sadəcə, bu məsələ xəbər saytlarında və sosial şəbəkələrdə maraq doğurduğu (kitab və oğurluq) üçün belə səs-küyə səbəb olub.

Deyim ki, mənim özümə də xoş olmayan bu vəziyyət haqda heç bir müsahibə verməmişəm və belə xəbərlərin tirajlanmasından kənar qalmağı seçmişəm (buna görə mənə dünəndən yazan və zəng edən media nümayəndələrindən üzr istəyirəm).

Bir insan və bir ana olaraq, həmin iki gəncin ailə üzvlərinin vəziyyətini təsəvvür edə bilirəm. İnanın ki, mənim də bu gənclərə görə ürəyim ağrıyır. Amma satıcılarımın da əməllərinə tam dəstək oluram.

Fəaliyyətimiz dövründə biz həmişə kitab təlabatı olan, fərq etməz, bizə müraciət edən, hətta etməyən, hər yerə kitablar hədiyyə göndərmişik. Həbsxanalar, uşaq inkişaf mərkəzləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, tələbələr, bizə müraciət edən heç kəsi kitabsız qoymamışıq, təmənnasız kitablar hədiyyə etmişik. Və bu haqda heç yerdə məlumat verməmişik.

Amma bu məsələdə ortalıqda oğurluq faktı var. Həcmi, maddi dəyəri azdır, çoxdur, cəzası nədir, fərq etmir və bunu təyin etmək, buna hüquqi qiymət vermək bizim işimiz deyil. Bunu polis və məhkəmə özü müəyyən edir. Bizlik olsa, həmin uşaqlar o an desəydilər ki, bu kitablara ehtiyacımız var, oxumaq istəyirik, biz heç nə etmədən buna şərait yaradardıq. Necə ki, bunu dəfələrlə etmişik.

Mən həmişə bu haqda susmuşam. Yenə də susmağa davam edərdim, əgər Azərbaycan Parlamentində bu cür düşünən insanların olduğunu görməsəydim”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər