Mənə Əməkdar artist adı 1974-cü ildə - teatrın (Azərbaycan Akademik Milli Dram Teatrını - red) 100 illiyi vaxtı verilməli idi. Özü də həmin ərəfədə Moskvada tədbir keçirilirdi. Mənim adım da “Əməkdar artist” siyahısına təqdim edilmişdi.
Bakupost.az xəbər verir ki, bunu teatr və kino aktyoru, xalq artisti Rafiq Əzimov APA-ya geniş müsahibəsində deyib.
O bildirib ki, iki aktrisanın etirazına görə adı siyahıdan silinib:
"Biri Mehdi Məmmədovun arvadı Şəfiqə Məmmədova idi, o biri də Səfurə İbrahimova. Səfurə demişdi ki, ondan qabaq Rafiq Əzimov ad alsa, nöyüt töküb özünü yandıracaq. Şəfiqə xanım nə deyib, bilmirəm. Amma Mehdi Məmmədov biz Moskvaya qastrola gedəndə Mərkəzi Komitə ilə danışıb Şəfiqənin adını siyahıya saldırıbmış. Halbuki siyahı düz qəzetə yollanana qədər mənim adım orda var imiş. Bir də 1982-ci ildə ad aldım".
O, xalq artisti adını gec almasının səbəbkarlarından da danışıb:
"Teatrın müdirləri dəyişdi, mənim adımın üstündən xətt çəkdilər. İstər Həsənağa Turabov, istərsə də Əlabbas Qədirov gələndə... Üzdə göstərmirdilər, amma dərində intriqa var idi. Olan faktları deyirəm. Kinostudiyada “Yeddi oğul istərəm”ə çəkildim, heç nəsiz. Gəray bəy rolunda da Həsənağa Turabovdan qabaq Adil İsgəndrov oynamalı idi. Çünki filmi əvvəl Kamil Rüstəmbəyov çəkməli idi. O isə gənc aktyorları dəvət edirdi".