Dünya Antidopinq Agentliyi (World Anti-Doping Agency – WADA) gələn həftə Azərbaycanda keçirilməsi planlaşdırılan simpoziumu regionda yaranmış təhlükəsizliklə əlaqədar təxirə salıb.
Bakupost.az xəbər verir ki, qərarın səbəbi kimi İran ətrafında baş verən hərbi gərginlik və bunun hava nəqliyyatı ilə bağlı mümkün risklər yaratması göstərilir.
Agentlik dünən yaydığı açıqlamada bildirib ki, qərar “asanlıqla qəbul edilməyib”, lakin mövcud vəziyyət və təhlükəsizliklə bağlı narahatlıqlar nəzərə alınaraq belə addım atılıb.
“Bu qərar yüngül qəbul edilməyib. Lakin Azərbaycanla bağlı son hadisələrlə əlaqədar hava nəqliyyatında mümkün pozuntular və təhlükəsizliklə bağlı narahatlıqlar diqqətlə qiymətləndirildikdən sonra qərara gəlinib”, – deyə təşkilatın bəyanatında qeyd olunub.
Təxirə salınan tədbir 18–19 mart tarixlərində keçirilməli idi və WADA-nın 2026-cı ildə dünyada planlaşdırdığı dörd regional simpoziumdan biri hesab olunurdu. Agentliyin planına görə növbəti simpoziumlar Qahirə, Pekin və Lima şəhərlərində keçirilməlidir. WADA tədbirin yeni tarixinin daha sonra açıqlanacağını bildirib.
Cavid, BakuPost